...

Azərbaycan CAREC ölkələrinin XII Nazirlər Konfransında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2013 19:38 (UTC +04:00)
22-24 oktyabr tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) XII Nazirlər Konfransı keçirilib.
Azərbaycan CAREC ölkələrinin XII Nazirlər Konfransında iştirak edib

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

22-24 oktyabr tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) XII Nazirlər Konfransı keçirilib, Konfrans çərçivəsində Ticarət Siyasəti üzrə Əlaqələndirici Komitənin və Yüksək Vəzifəli Rəsmilərin iclasları təşkil olunub. Bu barədə Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan tərəfindən İqtisadiyyat və Sənaye, Nəqliyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin nümayəndələrinin iştirak etdiyi tədbirdə CAREC ölkələrinin 2020-ci ilədək Nəqliyyat və Ticarətin Asanlaşdırılması Strategiyası, 2013-2017-ci illər üzrə Ticarət Siyasətinin Strateji Fəaliyyət Planı, enerji sektoru üzrə məsələlər, İnkişafın Səmərəliliyinin Qiymətləndirilməsi Metodologiyası üzrə İlkin İcmal, CAREC İnstitutunun yaradılması məsələləri müzakirə olunub.

Konfransın sonunda CAREC ölkələri nazirlərinin Birgə Bəyanatı qəbul edilib. Bəyanatda CAREC proqramının uğurla davam etdiyi, nəqliyyat və ticarət sahəsində əməkdaşlığın yeni mərhələyə keçdiyi vurğulanıb, enerji sektorunda yeni layihələrin təqdim edilməsi təklif olunub, əməkdaşlığın genişləndirilməsi və həyata keçirilən layihələrin səmərəliliyini təmin etmək məqsədilə CAREC İnstitutunun yaradılması təşəbbüsü dəstəklənib.

Qeyd edək ki, Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) Azərbaycan, Əfqanıstan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Özbəkistan, Tacikistan və Türkmənistanı əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti