...

Milli Məclisdə kredit dərəcələri probleminə görə ayrıca iclas keçirilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2013 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir E.Əliyev/

Milli Məclisdə bank kreditləri üzrə faiz dərəcələrinin azaldılması məsələsinə dair iclas keçirilməlidir. Trend-in məlumatına görə, bunu çərşənbə günü Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov 2014-cü ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

V.Əhmədov bildirib: "Sual vermək lazımdır ki, niyə yerli banklar əhalidən əmanətləri illik 10-12 faizdən aşağı qəbul edirlər, onlara verilən kreditlər üzrə dərəcələr isə 20-25 faizdən çox təyin edilir? Bu gün əhalinin böyük əksəriyyətinin banklara borcu var. Vətəndaşlar arasında bank kreditləri üzrə faiz dərəcələrinin həddən artıq yüksək olması ilə bağlı narazılıq var. Əgər lazımdırsa, parlament bu məsələnin müzakirəsi üzrə iclas keçirsin. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov da iclasda iştirak edə bilər. Əgər bankların problemləri varsa, qoy bizi bu barədə məlumatlandırsınlar, həmçinin belə yüksək faiz dərəcələrinin yaranması siyasətini izah etsinlər".

Öz növbəsində, millət vəkili Qənirə Paşayeva Azərbaycanda sosial ipotekanın maliyyələşdirilməsinin həcmini artırmağı təklif edib: "Parlament komitələrində büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov xatırladıb ki, bazar iqtisadiyyatı şəraitində kommersiya ipoteka kreditləri üzrə bank dərəcələrinə inzibati təsir imkanları mövcud deyil. Bununla əlaqədar olaraq, Azərbaycan İpoteka Fondunun sosial ipotekaya ayırdığı vəsaitlərin həcmini artırmaq lazımdır".

Ötən ildə olduğu kimi gələn il də bu məqsədlərə dövlət büdcəsindən 40 milyon manat nəzərdə tutulub. Q.Paşayevanın sözlərinə görə, bu məbləğ iki və ya üç dəfə də olmasa da, heç olmasa 10-15 milyon manat artırılmalıdır: "Fikrimcə, bu məbləğ büdcəni çox yükləməyəcək, lakin daha yüzlərlə vətəndaşın mənzil problemini həll etməyə kömək edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti