...

Azərbaycanda bu il sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 90 milyon manatdan çox güzəştli kredit ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2014 16:03 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Azərbaycanda bu il sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 90 milyon manatdan çox güzəştli kredit ayrılıb

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir Z.Qurbanova/

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Binəqədidə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

80-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Binəqədi rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in (4 min tonluq logistik mərkəz, 100 ədəd fermer mağazasını özündə birləşdirən), ət kəsimi müəssisəsinin və kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2014-cü ilin ötən dövrü ərzində ölkə üzrə 1860 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 90,5 milyon manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 4300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 772 investisiya layihəsinin maliyyələşdirilməsinə 176 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq təsərrüfatları, ət emalı, metal konstruksiya istehsalı və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib, 5900-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

Ş.Abdullayev həmçinin məlumat verib ki, Azərbaycan Prezidentinin "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 16 yanvar 2014-cü il tarixli sərəncamına uyğun olaraq, Bakı şəhərində artıq 2 logistik mərkəzin və 1 ixtisaslaşdırılmış "yaşıl market"in tikintisi maliyyələşdirilib.

Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində keçirilmiş sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 27 sahibkarlıq subyektinə 2,2 milyon manat kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, çörək istehsalı və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 200-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək.

Tədbir çərçivəsində həmçinin, Binəqədi rayonunda güzəştli kredit ayrılmış çörək zavodunun fəaliyyətinə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti