...

Şahin Mustafayev: İsveçrə Azərbaycanın qeyri-neft sektoruna 185 milyon dollardan çox sərmayə qoyub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2014 16:23 (UTC +04:00)
Azərbaycan və İsveçrə sənaye, ticarət, investisiyalar, kənd və su təsərrüfatı, energetika, səhiyyə, ətraf mühitin mühafizəsi, turizm, nəqliyyat və başqa sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədirlər.
Şahin Mustafayev: İsveçrə Azərbaycanın qeyri-neft sektoruna 185 milyon dollardan çox sərmayə qoyub (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir E.Əliyev/

Azərbaycan və İsveçrə sənaye, ticarət, investisiyalar, kənd və su təsərrüfatı, energetika, səhiyyə, ətraf mühitin mühafizəsi, turizm, nəqliyyat və başqa sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Trend-in Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə Berndə keçirilən ticarət-iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın altıncı iclasının protokulunda deyilir.

Sənəd komissiyanın həmsədri - Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İsveçrənin İqtisadi məsələlər üzrə Dövlət Katibliyi (SECO) Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi Livi Ley tərəfindən imzalanıb.

Ş.Mustafayev hökumətlərarası komissiyanın iclasında dövlət başçılarının qarşılıqlı səfərlərinin və həmin səfərlər zamanı ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafında əldə olunan razılaşmaların əhəmiyyətini qeyd edərək bildirib ki, Azərbaycan İsveçrə ilə münasibətlərə mühüm əhəmiyyət verir.

Onun sözlərinə görə, ölkələr arasında lazımi normativ-hüquqi baza qurulub, 20-dən artıq sənəd, o cümlədən investisiyaların qarşılıqlı mühafizəsi və ikiqat vergitutmadan yayınma haqqında sazişlər imzalanıb. Qeyd olunub ki, Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 81 İsveçrə şirkəti çalışır. Bundan əlavə, nazirin sözlərinə görə, 2013-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 8,5 faiz artıb, 1995-ci ildən 2013-cü ilədək İsveçrə Azərbaycanın qeyri-neft sektoruna 185,3 milyon dollar sərmayə qoyub.

Bildirilib ki, Azərbaycanda SECO-nun iştirakı ilə 32 layihə (regional layihələr daxil olmaqla) həyata keçirilib ki, onlardan 15-i artıq başa çatıb. Nazir deyib ki, İsveçrə tərəfindən ayrılan qrantların ümumi həcmi təxminən 70 milyon dollar təşkil edir.

Onun sözlərinə görə, bundan başqa, Azərbaycan həmsərhəd ölkələrdə və Avropada reallaşdırılan layihələrə yatırım qoyaraq investisiyalar idxalçısıdır. Qeyd olunub ki, ARDNŞ "Ecco Schweiz" şirkətindən 150 yanacaqdoldurma stansiyaları şəbəkəsini alıb.

Ş.Mustafayev energetika, kənd təsərrüfatı, maliyyə və turizm kimi sahələrdə iki ölkə arasında uğurlu əməkdaşlığı qeyd edərək əlaqələrin inkişafının potensialını qeyd edib və qarşılıqlı fəaliyyətin genişləndirilməsinə yönəlmiş birgə biznes forumların və digər tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.

İclas başa çatdıqdan sonra hər iki tərəfdən 120-dən artıq sahibkarın iştirakı ilə biznes forum keçirilib. İclasın yekunları üzrə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İsveçrənin Rusiya və MDB ölkələri ilə Birgə Ticarət Palatası arasında anlaşma memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti