...

AZAL Bakı-Nyu-York-Bakı birbaşa aviareysi üzrə biletlərin satışına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2014 15:53
Azərbaycanın milli aviadaşıyıcısı - "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti 24 sentyabr 2014-cü il tarixdən Bakıdan Nyu-Yorka müntəzəm reyslərin yerinə yetirilməsinə, avqustun 1-dən isə həmin istiqamətdə aviabiletlərin satışına başlandığı barədə məlumat verib.
AZAL Bakı-Nyu-York-Bakı birbaşa aviareysi üzrə biletlərin satışına başlayır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın milli aviadaşıyıcısı - "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti 24 sentyabr 2014-cü il tarixdən Bakıdan Nyu-Yorka müntəzəm reyslərin yerinə yetirilməsinə, avqustun 1-dən isə həmin istiqamətdə aviabiletlərin satışına başlandığı barədə məlumat verib.

Bazar ertəsi şirkətdən Trend-ə daxil olan məlumatda deyilir ki, Nyu-York şəhərinin Kennedi hava limanına (JFK) reyslər hər həftə çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Bakıdan uçuş yerli vaxtla saat 06:00-da, Şimali Amerikanın ən iri şəhərində enmə isə yerli vaxtla saat 09:30-da nəzərdə tutulub. Geri istiqamətdə uçuşlar həftənin eyni günlərində saat 11:30-da həyata keçiriləcək, Azərbaycanın paytaxtında enmə isə növbəti gün saat 08:00-da baş tutacaq.

Nyu-Yorka birbaşa uçuşlar "AZAL"ın müasir tarixində əlamətdar hadisədir və yeni, keyfiyyətli və daha yüksək inkişaf səviyyəsinə keçidin bariz nümunəsidir.

Reyslər uzaqməsafəli istiqamətlərdə uçuşlar üçün nəzərdə tutulmuş müasir, çox rahat "Airbus-A 340" tipli hava gəmilərində yerinə yetiriləcək. Bu hava gəmiləri ən yüksək təhlükəsizlik və maksimal rahatlığın təmin edilməsi xüsusiyyətlərini özündə cəmləyib və yaxın vaxtlarda Nyu-Yorka uçan sərnişinlər bunun şahidi olacaqlar.

Birbaşa uçuş vasitəsilə Azərbaycan paytaxtını Şimali Amerika qitəsinin demək olar ki, ən məşhur şəhəri ilə, qlobal maliyyə və siyasi mərkəzlə birləşdirməklə AZAL aviaşirkəti Bakının qitə miqyasında avianəqliyyat qovşağına çevrilməsi istiqamətində inamlı addım atır.

"Azərbaycan Hava Yolları" həm birbaşa Nyu-York reyslərinin sərnişinləri, həm də Bakıdan transfer məntəqəsi kimi istifadə edərək uçuşu davam edən sərnişinlər üçün eyni dərəcədə rahat uçuş cədvəli yaratmağa çalışıb. Tbilisi, Aktau, Tehran, Bişkək istiqamətlərində səyahətçilər üçün bu reyslər maksimal rahat olacaqdır - qeyd edilən bütün istiqamətlərdə rahat ikitərəfli calanma təmin edilib.

Hava gəmisində sərnişinlərə uzaqməsafəli uçuşlar üçün müəyyən edilən ən yüksək standartlara uyğun xidmət göstəriləcək, ekonom-sinif salonlarında yüksək komfort və biznes-sinifdə eksklyuziv səviyyədə rahatlıq təmin ediləcəkdir və bütün bunlar AZAL-ın təcrübəli pilotlarının təhlükəsizlik kriteriləri üzrə qüsursuz idarəetmə texnikası ilə müşayiət olunacaqdır. Bu uçuşların sərnişinləri üçün xüsusi hazırlanan qida konsepsiyası da diqqətəlayiqdir.

Bakıda sərnişinlərə bir müddət əvvəl açılan yeni aerovağzal terminalında xidmət göstəriləcəkdir. Aviasiya təhlükəsizliyi üzrə bütün standartlara və sərnişinlərə xidmət sahəsində yüksək kriterilərə cavab verməsi, habelə təkrarolunmaz memarlıq üslubu sayəsində bu terminal artıq paytaxtın diqqətəlayiq yerlərindən birinə çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti