...

Mahmud Vaezi: İran Azərbaycan iqtisadiyyatına sərmayə yatırmağa maraq göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2014 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbirlər Təmkin Cəfərov, Hüseyn Vəliyev/

İran ilə Azərbaycan arasında iqtisadiyyatın bir sıra əsas sahələrində əməkdaşlıq üçün əlverişli şərait yaradılır. Bu barədə çərşənbə axşamı Trend-ə müsahibəsində İranın rabitə və informasiya texnologiyaları naziri, iqtisadi əməkdaşlıq üzrə İran-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi bildirib.

Onun sözlərinə görə, hazırda ölkələr arasında iqtisadiyyatın müxtəlif sahələrində layihələrin reallaşdırılması üzrə bir sıra razılaşmalar əldə olunub.

M.Vaezi ticari-iqtisadi və humanitar əməkdaşlıq üzrə İran-Azərbaycan hökumətlərarası komissiyanın 9-cu iclasında iştirak etmək üçün dünən Bakıya gələn İranın nümayəndə heyətinə başçılıq edir.

Vaezi deyib: " İran-Azərbaycan hökumətlərarası komissiyasının iclası 4 ildən artıqdır ki, keçirilmir və bu müddət ərzində tərəflər iki ölkə arasında əməkdaşlığın hüquqi baxımdan möhkəmləndirə biləcəyi bir sənəd belə imzalamayıblar. Ona görə də bu iclasın keçirilməsi barədə qərar qəbul edildi".

Nazirin sözlərinə görə, o cümlədən sənaye sahəsində ikitərəfli əməkdaşlıq üçün əlverişli şərait Azərbaycan Prezidentinin İrana səfərindən sonra yaranmağa başladı:

"Müsbət atmosfer bu gün iqtisadiyyatın həm dövlət, həm də özəl sektoru üzrə azərbaycanlı dostlar və həmkarlarla mənim keçirdiyim bir çox görüşlərdən sonra da hiss olunur. Aydındır ki, iki ölkənin əməkdaşlığının inkişafı yeni səhifə açır. Rəhbərlik etrdiyim nümayəndə heyətinə İranın dövlət və özəl sektorunun nümayəndələri daxildirlər. Biz sənaye, ticarət, nəqliyyat, o cümlədən dəmir yolu, energetika, turizm, gömrük, neft-qaz və bank, eləcə də İKT və digər sahələrdə əməkdaşlıq haqqında sazişə nail olmaq niyyətindəyik. Biz sadalanan bütün sahələr üzrə sazişə nail olacağımıza ümid edirik".

Bundan başqa, hökumətlərarası komissiyassının iclası zamanı İranın Azərbaycan iqtisadiyyatına investisiya yatırmaq məsələsinə də baxılacaq.

İran nümayəndə heyətinə bu ölkənin iqtisadiyyatının dövlət və özəl sektorunun 60 nümayəndəsi, İranın sərhədyanı regionlarının ticarət nümayəndələri daxildirlər.

M.Vaezi deyib: "Biz Azərbaycanın sərhədyanı regionları ilə qarşılıqlı sərfəli əməkdaşlığa da ümid edirik. İclasın yekunları üzrə əməkdaşlığın konkret istiqamətlərinin müəyyən olunacağı protokolun da imzalanacağı gözlənilir. Biz ikitərəfli əməkdaşlıq sahəsində bir sıra sənədlərin hazırlanması məsələlərini də müzakirə edəcəyik. Azərbaycana səfərimizin məhsuldar olacağına ümid edirəm. İkitərəfli əməkdaşlıq məsələlərinə baxılması ilə bağlı növbəti görüşün İranda keçiriləcəyi istisna olunmur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti