Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Maksim Tsurkov/
"Azərbaycan Hava Yolları" QSC (AZAL) rus rublunun məzənnəsinin azalması səbəbindən Rusiya şəhərlərinə aviabiletlərin qiymətini qaldırmağı planlaşdırmır.
Bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli Rusiya KİV-lərinin beynəlxalq istiqamətlərdə uçuş qiymətinin 3-5 faiz artırılması ehtimalı barədə yaydıqları məlumatı şərh edərkən deyib.
Onun sözlərinə görə, AZAL-ın hələ belə planı yoxdur: "Biz biletləri əvvəlki qiymətə satacağıq".
Xatırladaq ki, Bakı-Moskva-Bakı aviabiletinin qiyməti 380,59 manatdır.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankının çərşənbə gününə müəyyən etdiyi məzənnəyə əsasən, avronun rubla nisbətdə rəsmi məzənnəsi 57,0494 rubldur, dolların məzənnəsi isə 45,9520 rubladək artıb.