...

QKDK və BDU memorandum imzaladılar

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2014 19:31 (UTC +04:00)
Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ilə Bakı Dövlət Universiteti (BDU) arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
QKDK və BDU memorandum imzaladılar

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ilə Bakı Dövlət Universiteti (BDU) arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Komitənin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. A.Məhərrəmov BDU-da müasir tədris metodlarına əsaslanan sistemin tətbiqi və bu istiqamətdə əldə olunmuş nailiyyətlər haqqında geniş məlumat verib. Rektor dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatında mühüm yer tutan qiymətli kağızlar bazarının inkişafı və tənzimlənməsində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin önəmli rol oynadığını bildirib.

Daha sonra çıxış edən QKDK-nın sədri Rüfət Aslanlı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi elm və təhsilə göstərilən qayğının ardıcıl davam etdirildiyini, elmi-texniki potensialın qorunub saxlanılması, yüksək ixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, həmçinin, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində davamlı addımların atıldığını diqqətə çatdırıb. BDU-nun tarixindən, keçdiyi şərəfli yoldan və ölkənin ictimai-siyasi həyatındakı önəmindən danışan R.Aslanlı universitetin 95 illik yubileyi münasibətilə tələbə və müəllim heyətini təbrik edib.

Komitə sədri Azərbaycan Prezidentinin 16 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramının icrası çərçivəsində qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində görülmüş işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. R.Aslanlı kapital bazarlarının tədrisi sahəsində QKDK-nın BDU ilə tərəfdaşlığının tələbələrin bilik, bacarıq və potensialının artırılmasına yardım edəcəyinə, komitənin nəzdində yaradılmış Kapital Bazarı üzrə Təlim Mərkəzi tərəfindən təşkil olunacaq təlimlərin gənc maliyyəçilərin bazar haqqında biliklərinin genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə edib.

Sonra QKDK ilə BDU arasında müştərək layihələrin planlaşdırılması, elmi-praktik konfransların və seminarların təşkil edilməsini nəzərdə tutan birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti