...

Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükü prosedurunu sadələşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2015 14:17 (UTC +04:00)
Azərbaycan və Rusiya “yaşıl dəhliz” vasitəsilə bitki mənşəli kənd təsərrüfatı məhsullarının maneəsiz keçidini müzakirə edir.
Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükü prosedurunu sadələşdirir

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir Azad Həsənli/

Azərbaycan və Rusiya "yaşıl dəhliz" vasitəsilə bitki mənşəli kənd təsərrüfatı məhsullarının maneəsiz keçidini müzakirə edir.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü Bakıda Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev RF Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninovla görüşündə deyib: "Ümid edirəm ki, yaxın vaxtlarda "yaşıl dəhliz" vasitəsilə bitki mənşəli kənd təsərrüfatı məhsullarının maneəsiz keçidinə şərait yaradacaq sənədi imzalayacağıq. Söhbət aksizaltı məhsullardan başqa tez xarab olan məhsullardan, eləcə də emal məhsullarından gedir".

DGK sədri bu sənədin artıq bəyənildiyini qeyd edib.

A.Əliyevin sözlərinə görə, Rusiya Azərbaycanın əsas xarici iqtisadi tərəfdaşlarından biridir: "Azərbaycan və Rusiyanın gömrük xidmətləri çoxəsrlik tarixə malikdir. Biz daim beynəlxalq təşkilatlarda MDB ölkələrinin, eləcə də bir-birimizin maraqlarını təmsil edirik".

Öz növbəsində, Belyaninov Azərbaycanın gömrük xidmətinin, xüsusilə də informasiya texnologiyalarının dinamik inkişafını qeyd edib.

O, Rusiyanın Azərbaycanla regional inkişafa diqqət ayırdığını qeyd edərkən Azərbaycan tərəfi ilə sərhədyanı infrastrukturun inkişafı səviyyəsi ilə bağlı narahatlığını bölüşüb. Onun sözlərinə görə, bu fakt ölkələr arasında əmtəə dövriyyəsinin inkişafına əngəl olur: "Rusiya bütün istiqamətlərdə Azərbaycanla əmtəə dövriyyəsinin genişləndirilməsinə maraq göstərir, xüsusilə Azərbaycandan tez xarab olan malların tədarükünə diqqət yetiririk. Çünki onlar nisbətən ucuz, çox keyfiyyətli mallardır və Rusiya Federasiyasının ərazisinə operativ ixrac edilir".

Görüşün yekunları üzrə protokol imzalanıb.

RF Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninovun Bakıya səfəri fevralın 5-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti