Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir Ənvər Məmmədov/
Sumqayıtda 2,341 milyard ABŞ dolları dəyərində 80 min obyektin kütləvi qiymətləndirilməsi aparılıb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin rəis müavini Seymur Əliyev daşınmaz əmlakın kütləvi dəyərləndirilməsi ilə bağlı keçirilən layihənin təqdimatında bildirib.
Onun sözlərinə görə, Sumqayıtda daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi pilot layihə olaraq təşkil edilib.
S.Əliyev qeyd edib ki, layihə çərçicəsində daşınmaz əmlak bazarı haqqında reyestr sistemi, kütləvi və individual qiymətləndirmə sistemi və məlumatların əks olunduğu ictimai portal (Public View) yaradılıb.
Rəis müavini pilot layihələrin 2015-ci ilin iyun-sentyabr aylarında Quba və Xaçmazda da həyata keçiriləcəyini bildirib.
Kütləvi qiymətləndirilmə layihəsi Dünya Bankının maliyyə dəstəyi çərçivəsində həyata keçirilir.
Azərbaycan hökuməti və DB 2007-ci ildə daşınmaz əmlakın vahid kadastrının yaradılması üzrıə Saziş imzalayıblar. Layihə 4 komponentdən ibarətdir: daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının idarəsi və reyestri; baza kartoqrafiyası və torpaq kadastrı; layihənin siyasətinin formalaşması və idarəsi ilə bağlı təlimlər.