...

9-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi təşkil olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2015 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /Trend/

21-23 may tarixində Bakıda kənd təsərrüfatı təyinatlı məhsul və qida istehsalçılarının iri regional forumu - 9-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro 2015") sərgisi təşkil olunacaq.

Keçirildiyi illər ərzində "Caspian Agro" sərgisi hər il mütəxəssislər arasında görüşlərin keçirilməsi, kənd təsərrüfatı sahəsi üçün texnika və avadanlıqların, habelə məhsul və xidmətlərin nümayişi baxımından etibarlı bünövrə kimi özünü doğruldub. İqtisadiyyatın bu sektoru ölkə rəhbərliyinin böyük diqqət yetirdiyi sahələrdən biridir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev artıq bir neçə ildir ki, ardıcıl olaraq "Caspian Agro" sərgisini ziyarət edərək istehsalçı və distribüterlərin Azərbaycan bazarı üçün təklif etdikləri yeni məhsullarla tanış olur. Uzun illər ərzində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi "Caspian Agro" sərgisinə fəal və mühüm dəstək verir. Sevindirici haldır ki, sərgi Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Kənd təsərrüfatı ili"nə həsr olunmuş Tədbirlər Planına daxil edilib və bu, "Caspian Agro 2015" sərgisinin inkişafına müsbət təkan verməklə yanaşı, hər il keçirilən bu ixtisaslaşdırılmış tədbirə marağı daha da artırıb.

"Caspian Agro 2015" sərgisi Bakı Ekspo Mərkəzinin iki pavilyonunu və xarici meydançasını tutacaq. Bu il sərgi iştirakçılarının ümumi sayı 250 şirkətdən çoxdur və onların arasında Almaniya, Yunanıstan, İtaliya, İspaniya, Koreya, Niderland Krallığı, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa və digər ölkələrdən kənd təsərrüfatı məhsulları və avadanlıqlarının istehsalçıları və distribüterləri var. İlk dəfə olaraq, sərgidə Şri-Lanka və İordaniya şirkətləri də iştirak edəcəklər. Sərgidə Azərbaycanın kənd təsərrüfatı bazarının mənimsənilməsi istiqamətində ilk addımlarını atan bir çox yeni şirkət iştirak edəcək. Ənənəvi olaraq, Azərbaycanın regionlarından gələn sahibkar və fermerlərin ən yeni avadanlıq və texnika ilə tanış olmaları üçün "Caspian Agro" sərgisində infoturlar (məlumatlandırma turları) təşkil olunacaq. Bütövlükdə, sərgi kənd təsərrüfatı sahəsinin ən aktual istiqamətlərini əhatə edəcək və bir sıra yeni məhsulla tanış olmaq imkanı yaradacaq. Bu məhsullara quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, suvarma sistemləri, heyvandarlıqda istifadə olunan avadanlıqlar, substratlar (bitki qidalandırıcı maddələr), heyvan və balıqlar üçün yemlər, habelə toxumlar, mineral gübrələr və s. daxildir. Sərginin müsbət cəhəti ondan ibrətdir ki, bu sektorlarda xarici istehsalçılarla yanaşı, Azərbaycandan olan şirkətlər də çıxış edirlər.

Sərgidə kənd təsərrüfatı texnikasının ekspozisiyası geniş olacaq və həm Bakı Ekspo Mərkəzinin daxilində, həm də xarici meydançasında yerləşəcək. Burada "Klever", "Rostselmaş" (Rusiya), Gəncə Avtomobil Zavodu, "Motor Sich" (Ukrayna), "New Holland" (İtaliya), "Sampo" (Finlandiya), "Fliegle" (Almaniya), "Maschio Gaspardo" (İtaliya) şirkətləri, eləcə də digər bu kimi istehsalçı və distribüterlərin təklif etdikləri müxtəlif kənd təsərrüfatı məhsullarını yığan texnikanı, yer şumlayan / toxum səpən maşınları, habelə kombaynlar və bütün növ kənd təsərrüfatı işləri üçün müxtəlif təyinatlı aqreqatları görmək mümkün olacaq. "Caspian Agro 2015" sərgisinin qeydiyyat sponsoru "Grand Motors" (Azərbaycan) şirkətidir.

Bu gün ölkəmizin dövlət siyasəti iqtisadiyyatın qeyri-neft sektorunun genişləndirilməsinə yönəldilib. Respublikada kənd təsərrüfatı sahəsi fəal surətdə inkişaf edərək Azərbaycanda ixrac potensialının artırılmasına öz töhfəsini verir. Yeni texnologiyaların tətbiqi və təcrübə mübadiləsi ixrac olunan yüksək keyfiyyətli məhsulların istehsalı üçün vacib olan şərtlərdir və beynəlxalq "Caspian Agro" sərgisi də bütün bu imkanları hər il təmin edir. Beləliklə, sərgi qısa müddət ərzində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaratmaqla yanaşı, Azərbaycanın kənd təsərrüfatı sektoruna yatırılan sərmayələrin artırılmasına və ən yeni texnologiyaların tətbiqinə kömək edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti