...

AYİB-in növbəti illik topantılarından birinin Bakıda təşkil olunmasını təklif edilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2015 19:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend/

Bu gün Bakı Biznes Mərkəzində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev son 10 ildə Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə qazandığı uğurlar, ölkə iqtisadiyyatının şaxələnməsi, regionların sosial-iqtisadi inkişafı, qeyri-neft sektorunda əldə edilmiş nailiyyətlər, həyata keçirilməkdə olan iri layihələr, məqsədli dövlət proqramları çərçivəsində görülən işlər və s. barədə nümayəndə heyətinə geniş məlumat verib.

Nazir Azərbaycanda AYİB ilə əlaqələrə böyük önəm verildiyini, S.Çakrabartinin ölkəmizə səfərinin bank ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın genişlənməsinin göstəricisi olduğunu vurğulayıb. Bildirilib ki, indiyədək AYİB tərəfindən Azərbaycana 155 layihə çərçivəsində 2.5 mlrd. ABŞ dolları məbləğində kredit ayrılıb. Bankın ölkəmizdəki fəaliyyəti infrastrukturun inkişafı, enerji, su təchizatı sahələrinə yönəlib, həmçinin banklara kredit xəttinin açılması, səhm kapitalında iştirak, özəl şirkətlərə birbaşa kredit ayrılması və s. kimi sahələri əhatə edir. AYİB tərəfindən indiyədək özəl sektorda 145 layihə maliyyələşdirilib. 2014-cü ildə özəl sektorda 21 layihəyə bank tərəfindən 238 mln. avro kredit ayrılıb. Hazırda özəl sektorda 20 layihənin maliyyələşdirilməsi üçün AYİB-lə müzakirələr aparılır. Qeyd olunub ki, beynəlxalq maliyyə institutları, o cümlədən, AYİB-lə birgə həyata keçirilən layihələrdə qabaqcıl beynəlxalq təcrübənin tətbiq olunması, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi mühüm əhəmiyyət kəsb edir.

Ş.Mustafayev AYİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətlərinə toxunaraq sənaye və kənd təsərrüfatının ölkə iqtisadiyyatının prioritet istiqamətləri olduğunu vurğulayıb, bu sahələrdə bankla əməkdaşlıq istiqamətlərini diqqətə çatdırıb. Qeyd olunub ki, iqtisadiyyatın şaxələndirilməsində sənayenin inkişafı mühüm rola malikdir, 2014-cü il Azərbaycanda "Sənaye ili" elan edilmiş, sənaye parkları və məhəllələrinin yaradılması, tikinti materiallarının istehsalı, metallurgiya, maşın və avadanlıqların istehsalı, kimya sənayesi prioritet sahələr kimi müəyyənləşdirilib. Nazir AYİB-i bu sahəyə investisiya yatırmağa dəvət edib. Bundan başqa, bankın kənd təsərrüfatı üzrə kiçik və orta sahibkarlara maliyyə dəstəyi göstərməsi, infrastruktur və İKT sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədəuyğundur. Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübəyə malik olduğunu qeyd edən Ş.Mustafayev AYİB-in növbəti illik topantılarından birinin Bakıda təşkil olunmasını təklif edib.

AYİB prezidenti S.Çakrabarti Azərbaycanın qazandığı nailiyyətləri, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işləri müsbət qiymətləndirib. AYİB prezidenti Azərbaycana dair Ölkə Strategiyasının iqtisadiyyatın diversifikasiyası prioritetlərinə uyğunlaşdırılmasını, ölkədə korporativ idarəetmənin genişləndirilməsi üzrə əməkdaşlığı dəstəklədiyini bildirib, kiçik və orta sahibkarlığın təşəbbüslərinə önəm verdiyini qeyd edib. O, bankın sürətlə inkişaf edən Azərbaycanla əməkdaşlığının daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə, həmçinin AYİB nümayəndələri ilə bankla birgə həyata keçirilən layihələrə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti S.Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 8-də Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edərək, abidəsi önünə çiçək dəstələri düzüblər. AYİB nümayəndə heyəti Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti