...

"Nezavisimaya Qazeta": Azərbaycan sürətlə inkişaf etmiş iqtisadiyyata malik dövlətə çevrilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2015 15:38 (UTC +04:00)
Rusiyanın nüfuzlu “Nezavisimaya Qazeta” nəşrində Azərbaycanın iqtisadi göstəriciləri və inkişaf potensialı ilə bağlı geniş məqalə dərc olunub.
"Nezavisimaya Qazeta": Azərbaycan sürətlə inkişaf etmiş iqtisadiyyata malik dövlətə çevrilir

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Rusiyanın nüfuzlu "Nezavisimaya Qazeta" nəşrində Azərbaycanın iqtisadi göstəriciləri və inkişaf potensialı ilə bağlı geniş məqalə dərc olunub.

Trend-in məlumatına görə, Aleksandr Malışev adlı müəllifə aid məqalədə bildirilir ki, iyunun 12-28-də birinci Avropa Oyunlarını qəbul edəcək Azərbaycan sürətlə inkişaf etmiş iqtisadiyyata malik dövlətə çevrilir və artıq dünyanın siyasi və iqtisadi xəritəsində özünə möhkəm yer edib.

Məqalədə deyilir: "Hazırda respublikanın çox etibarlı təhlükəsizlik yastığı - karbohidrogen ehtiyatları var. Burada nefti sənaye üsulu ilə hələ1847-ci ildən çıxarılmağa başlayıblar ki, bu da hətta ABŞ-ı qabaqlamaq deməkdir. Azərbaycan hakimiyyəti təbii ehtiyatlardan əldə olunan vəsaitləri infrastruktur layihələri və iqtisadiyyatın qeyri-neft sektoruna yönəltməyə üstünlük verir".

Qəzetə açıqlama verən Azərbaycan Dövlət Neft Şirkəti vitse-prezidentinin müavini Vitali Bəylərbəyov son 10 il - 2005-2015-ci illəri Azərbaycanda neft-qaz sənayesinin çiçəklənmə dövrü kimi xarakterizə edib: "Bu gün dünyadakı neft hasilatında Azərbaycanın payı o qədər də böyük deyil, 1 faizdən bir qədər artıqdır. Ancaq bu gün bizim neftimiz Cənub-Şərqi Asiya, Avropa, Cənubi və Şimali Amerikada 30-dan artıq ölkəyə nəql olunur. Qaz hasilatının artması fonunda "Cənub Qaz Dəhlizi"nin yaranması bizim ciddi uğurumuzdur".

Azərbaycanın energetika naziri Natiq Əliyevə istinad edən məqalə müəllifi yazır ki, Azərbaycan illik neft hasilatını 40-45 milyon ton səviyyəsində saxlamaq niyyətindədir. N.Əliyev eyni zamanda bildirib ki, ötən il 29 milyard kubmetr qaz hasil olunub: "Azərbaycanın qaz potensialı daha yüksək olduğundan bir neçə il ərzində biz bu göstəricini iki dəfə artırmağa çalışacağıq. 2035-ci ilə Avropaya enerji daşıyıcılarının ixrac həcminin kifayət qədər yüksələcəyi proqnozlaşdırılır. Alternativ enerji bu tələbatı ödəmək iqtidarında deyil. Buna görə də Azərbaycan Avropa üçün böyük önəm kəsb edir. Bu barədə beynəlxalq miqyaslı konfrans və tədbirlərdə tet-tez danışılır. Xüsusilə, son illər tez-tez qeyd olunur ki, Avropa və ABŞ Azərbaycanda həyata keçirilən bütün layihələri birmənalı olaraq dəstəkləyir. Çünki ölkəmiz enerji daşıyıcılarının dünya bazarlarına çatdırılmasında həm mənbə, həm də xüsusilə Avropa ölkələri üçün yeni marşrut kimi görülür".

Məqalədə neft emalı zavodlarının modernləşdirilməsi məslələrinə də yer ayrılıb. V.Bəylərbəyova istinad edən məqalə müəllifi yazır ki, artıq Heydər Əliyev adına neft emalı zavodunun tam modernləşdirilməsinə start verilib. V.Bəylərbəyov eyni zamanda yeni neft-qaz və neft-kimya kompleksinin layihələndirilməsi işlərinə başladıqları haqda da məlumat verib: "Bu kompleks Bakının cənubunda inşa olunacaq və bu gün fəaliyyət göstərən iki neft və bir qaz emalı zavodunu əvəz edəcək". Dövlət Neft Şirkətinin rəsmisi 10-15 milyard dollarlıq nəhəng layihənin mərhələlərlə 2020-2030-cu illərdə istifadəyə veriləcəyini söyləyib.

Müəllifə görə respublikda hamı başa düşür ki, yalnız neft-qaz ehtiyatlarına bel bağlamaq böyük ambisiyalı inkişaf etmiş dövlət üçün elə də uzaqgörən siyasət deyil. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov qəzetə açıqlamasında bildirib ki, bu gün respublikanın əsas vəzifələrindən biri iqtisadiyyatı diversifikasiya etməkdir: "İqtisadiyyatın diversifikasiyası ilə biz artıq 10 ildir ki, məşğul oluruq. Hiss etdik ki, iqtisadiyyatın diğər sahələrinə də diqqət ayırmaq lazımdır. Çünki neft-qaz sektorunun dominantlığı iqtisadi təhlükəsizliyimizi təhdid edirdi. Bu baxımdan digər sahələrdə də sərfəli biznes mühit yaratmağa çalışırıq və bu sahələrə böyük investisiyalar ayırırıq. 2015-ci ilin əvvəlində artıq Azərbaycan iqtisadiyyatının 60 faizi qeyri-neft sektorunun hesabına formalaşır".

Məqalə müəllifi yazır ki, Azərbaycan bu tendensiyanı davam etdirmək niyyətindədir. Onun sözlərinə görə, "Azərbaycan - 2020: Gələcəyə baxış" Dövlət Proqramı 5 il sonra qeyri-neft sektorundan gəlirləri 80 faizə çatdırmağı nəzərdə tutur: "Hazırda Azərbaycanda yüksək gəlirli sahələr, məsələn informasiya texnologiyaları, kosmik sənaye sahələri prioritet hesab olunur. 2012-ci ildən orbitə artıq iki Azərbaycan peyki buraxılıb. İqtisadi inkişafın hərəkətverici qüvvələri sənaye və yüksək texnologiyalar parklarıdır. O parklarda fəaliyyət göstərən şirkətlər 7 illiyə bütün vergilərdən azad olunurlar. Parklar biznes layihələrə start verilməsi üçün bütün zəruri kommunikasiyalarla təchiz olunur ki, bu da investorların infrastrukturun yaradılması ilə bağlı xərclərini azaldır".

Müəllif A.Malışev onu da qeyd edir ki, əgər 2003-cü ildə qeyri-neft sektoruna 300 milyon dollar investisiya qoyulmuşdusa, 2014-cü ildə bu göstərici 5 milyard dollara çatıb: "Ümumiyyətlə, 1995-ci ildən Azərbaycan iqtisadiyyatına 200 milyard dollar həcmində investisiya qoyulub ki, onun da 52 faizi yerli, 48 faizi isə xarici investisiyaların payına düşür. Azərbaycana sərmayə qoyan əsas investorlar - Böyük Britaniya, Türkiyə, ABŞ, Yaponiya, Hollandiya və Rusiyadır. Bu gün ölkədə 599 şirkət Rusiya kapitalı ilə çalışır. İnvestisiyanın ümumi həcmi 1,8 milyard dollardır. Bu vəsaitlərin 64 faizi qeyri-neft sektorunun - kənd təsərrüfatı, qida və emal sənayesi, turizm, informasiya texnologiyaları, kimya və neft-kimya sahələrinin payına düşür. Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabətədavamlılığına görə dünyada 38-ci yeri tutur".

Müəllifə görə Azərbaycanda Birinci Avropa Oyunlarının keçirilməsi ölkənin mədəniyyəti, zəngin multikulturalizm ənənləri və turizm imkanlarının təbliği ilə yanaşı Azərbaycanın imicinə də müsbət təsir göstərəcək ki, bu da yeni biznes imkanları deməkdir.

AZPROMO-nun rəhbəri R.Məmmədov da Bakının Avropa Oyunlarının paytaxtı olacağı haqqında məlumatlar yayıldıqdan sonra xarici tərəfdaşların ölkəmizdəki layihələrə maraqlarının artdığını bildirb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti