Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir Azad Həsənli/
Beynəlxalq Valyuta Fondu (BVF) İcraiyyə Şurası Azərbaycanın maliyyə sektorunun dayanıqlılıq qiymətləndirilməsi (FSSA) ilə bağlı hesabatı nəzərdən keçirib.
Trend-in məlumatına əsasən, bu barədə Fondun saytında xəbər verilir.
Hazırda Dünya Bankı (DB) ölkənin Maliyyə nazirliyi, Mərkəzi bankı və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə istehlakçıların hüquqlarının müdafiəsi sahəsinin təkmilləşdirilmə imkanları və bu mexanizmlərin inkişafı üçün dəstək formalarını müzakirə edir.
Bu, Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramının (FSAP) ikinci qiymətləndirməsi idi. FSAP-ın birinci qiymətləndirməsi 2003-cü ildə keçirilmişdi.
Bu qiymətləndirmə çərçivəsində DB və BVF mütəxəssisləri tərəfindən keçirilən stress-testlər nəticəsində məlum oldu ki, ölkənin bank sisteminin ümumi göstəriciləri azalma riskinə qarşı yüksək dayanıqlılıq qabiliyyəti nümayiş etdirib. Həmçinin bildirilir ki, göstəricilərin 50-70 faiz aşağı düşməsi nəticəsində belə bank sistemi sıfır səviyyəli kapitala düşməyəcək, aktivləri öhdəliklərini üstələyəcək ki, bu da yaxşı göstərici hesab edilir.