Azərbaycan, Bakı, 5 oktyabr /Trend/
2015-ci ilin 9 ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergiödəyicilərin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 52 953 vergiödəyicidə qanunvericiliyin pozulması faktları aşkarlanıb.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, 9397 vergiödəyici tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 2338 vergiödəyicinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 6893 vergiödəyicinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.
2524 vergiödəyici tərəfindən 4202 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 2539 vergiödəyici tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 1110 vergiödəyicidə aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar olduğu aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.