...

Bakıda yeni Biznes İnkubasiya Mərkəzi açılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2015 16:26 (UTC +04:00)
Yeni “Youth Inc.” Biznes İnkubasiya Mərkəzi gənclər arasında sahibkarlıq fəaliyyətini təşviq edəcək
Bakıda yeni Biznes İnkubasiya Mərkəzi açılıb (FOTO)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVC), Azərbaycan Gənclər və İdman Nazirliyi və "Coca-Cola" şirkətinin birgə həyata keçirdiyi "Youth Inc." gənc sahibkarlıq proqramı çərçivəsində Bakıda gənclər üçün Biznes İnkubasiya Mərkəzinin açılış mərasimi keçirilib.

Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, DVC-nin sədri Seymur Hüseynov, "Coca-Cola" şirkətinin Azərbaycan üzrə market-meneceri Qabil Əhmədov, İqtisadiyyat və Sənaye Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmiləri, həmçinin proqramın tərəfdaş təşkilatları və media nümayəndələri iştirak edib.

"Youth Inc." Biznes İnkubasiya Mərkəzinin yaradılmasının əsas məqsədi Azərbaycanda gənc sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli platformanın yaradılması, şəxsi bizneslərini qurmaq istəyən gənc liderlərin təşəbbüslərinin dəstəklənməsidir.

Açılış mərasimində çıxış edən DVC-nin sədri S.Hüseynov ruhlandırıcı dizayna malik mərkəzin gələcək sahibkarların öz ideyalarını daha effektiv reallaşdırması üçün bütün gərəkli avadanlıqlarla təchiz edildiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, mərkəzdə gənclər bizneslərini qurmaq üçün tələb olunan müxtəlif resurslardan faydalana bilərlər: "Youth Inc" Biznes İnkubasiya Mərkəzi gənc sahibkarlara özəl biznesin yaradılması, inkişafı və idarə olunması istiqamətində geniş spektrdə xidmətlər təklif edəcək. Bu, Azərbaycan üçün unikal bir təcrübədir. Bu tipli mərkəzin yaradılması Gənclər və İdman Nazirliyinin simasında dövlətin və "Coca-Cola" şirkətinin dəstəyi olmadan mümkün ola bilməzdi. Biz dövlətin dəstəyini yüksək qiymətləndiririk və gənclərin inkişafına yönəlmiş dövlət proqramlarının həyata keçirilməsinə kömək göstərməyə davam edəcəyik".

Açılış mərasimi gənclər və idman nazirinin müavini İ.Babayevin mərkəz haqqında öz fikirlərini bölüşməsi ilə davam edib: "Mərkəz gənclərin məşğulluğunun artırılması, sahibkarlıq ideyalarının təşkili və gənclərin sahibkarlıqla məşğul olmağa cəlb olunmasında önəmli rol oynayacaq. Mən inanıram ki, buradan qısa müddətdə minlərlə gənc faydalana biləcək. Mərkəz gənclərin sahibkarlıq sahəsində möhkəm təməl qurmasına kömək edəcək".

Tədbirdə çıxış edən "Coca-Cola" şirkətinin Azərbaycan üzrə market-meneceri Q.Əhmədov gənclər arasında sahibkarlıq təşəbbüslərinin həvəsləndirilməsi və dəstəklənməsinin cəmiyyətin inkişafı və iqtisadiyyatın möhkəmlənməsi üçün bir töhfə olduğunu vurğuladı: "Coca-Cola"nın Azərbaycanda reallaşdırdığı sosial inkişaf prioritetlərindən biri gənclərin sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsidir. Hər bir dövlətin və cəmiyyətin gələcək inkişafı gənclərin inkişafına bağlıdır. Məhz buna görə "Coca-Cola" şirkəti gənclərin biznes bacarıqlarının və biliklərinin artırılmasına kömək edir. Ümid edirik ki, yeni açılan Biznes İnkubasiya Mərkəzi vasitəsilə Azərbaycanda yeni nəsil gənc sahibkarlar yetişəcək. Bu isə ölkədə iqtisadi artımın və davamlı inkişafın təmin edilməsi baxımından vacibdir".

Qeyd edək ki, Azərbaycanda 2013-cü ilin yanvar ayından uğurla həyata keçirilən "Youth Inc." proqramı "Coca-Cola", Azərbaycan Gənclər və İdman Nazirliyi və DVC təşkilatının dəstəklədiyi uzunmüddətli gənclər proqramıdır. "Youth Inc."in aktiv fəaliyyət göstərdiyi illər ərzində proqram məzunları 8 müxtəlif biznes-layihələr həyata keçirib, 5 minə yaxın gənc seminarlarda iştirak edib. Bu istiqamətdə, proqram çərçivəsində yeni fəaliyyətə başlayacaq Biznes İnkubasiya Mərkəzi Lev Tolstoy küçəsi, 131 ünvanında yerləşir. Mərkəz Azərbaycan gəncləri üçün ilk açıq tipli müstəqil biznes inkubator olaraq gənc sahibkarlara 20 nəfərin eyni vaxtda işləməsi üçün nəzərdə tutulmuş 165 kv. metr sahəli ofis məkanı və ləvazimatlar ilə yanaşı müvafiq infrastruktur, maliyyə və investisiya, şəbəkələşmə, təlim-tədris proqramı, brendinq kateqoriyaları üzrə unikal xidmətlər təklif edir. Mərkəz haqqında ətraflı məlumatı www.youthinc.az saytından əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti