...

Azərbaycanda 21 min kq-dan çox heyvan və quş əti zərərsizləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2016 17:35 (UTC +04:00)
Azərbaycan kənd təsərrüfatı naziri Heydər Əsədov məsul işçilərinə idxal-ixrac əməliyyatlarında şəffaflığın təmin olunması üçün elektron sistemə keçirilməsinin sürətləndirilməsini tapşırıb.
Azərbaycanda 21 min kq-dan çox heyvan və quş əti zərərsizləşdirilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan kənd təsərrüfatı naziri Heydər Əsədov məsul işçilərinə idxal-ixrac əməliyyatlarında şəffaflığın təmin olunması üçün elektron sistemə keçirilməsinin sürətləndirilməsini tapşırıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün nazirlik yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən keçirilən "2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş geniş kollegiya iclasında nazir tapşırıb ki, Dövlət Xidmətinin regionlardakı Baytarlıq sahə məntəqələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, mal-qara arasında peyvəndləmə işlərinin vaxtlı-vaxtında aparılması, epizootik vəziyyətin sabitliyinə mütəmadi olaraq ciddi nəzarət olunması, xəstəliklərin qarşısının vaxtında alınması üçün lazımi tədbirlərin həyata keçirilməsi, süni mayalama mütəxəssislərinin hazırlanması, bu sahədə bacarıqların daha da artırılması, ölkəmizə gətirilmiş cins heyvanlarda müalicə-profilaktik tədbirlərin vaxtında həyata keçirilməsində məsuliyyətin daha da gücləndirilməsi, vətəndaşlara göstərilən xidmət səviyyəsinin daha da yaxşılaşdırılması, idarəetmədə ciddi dönüş yaradılması, kadr hazırlığı səviyyəsinin artırılması, sərhəd-keçid məntəqələrində baytarlıq və fitosanitar nəzarətinin gücləndirilməsi üçün işlər görülsün.

Kollegiyada bildirilib ki, 2015-ci il ərzində dövlət baytarlıq nəzarətində olan heyvan mənşəli qida məhsulların təhlükəsizliyinin təmin olunması məqsədilə rayon (şəhər) Baytarlıq idarələri və ticarət bazarlarında fəaliyyət göstərən Baytarlıq-sanitariya ekspertiza laboratoriyaları (BSEL) tərəfindən aparılan müayinələr nəticəsində 460 kq donuz ətinin, 1.904 kq balığın, 4.227 kq süd və süd məhsullarının və 8.392 ədəd toyuq yumurtasının insan qidası üçün yararsız olması müəyyən edilərək baytarlıq qanunvericiliyinə əsasən müvafiq qaydada zərərsizləşdirilib. Bununla yanaşı, 2015-ci ildə Azərbaycanda 13 060 kq iribuynuzlu heyvan əti və daxili orqanları, 5 192 kq xırdabuynuzlu heyvan ətinin və daxili orqanları, 3465 kq quş əti zərərsizləşdirilib.

2015-ci il üçün epizootiya əleyhinə profilaktiki və diaqnostik tədbirlər planına əsasən, il ərzində qarayara xəstəliyinə qarşı 2.931.768 baş iribuynuzlu, 7.516.383 baş xırdabuynuzlu, 97.335 baş təkdırnaqlı heyvanlarda, dabaq xəstəliyinə qarşı 2.860.000 baş iribuynuzlu heyvanda, 4.830.660 baş xırdabuynuzlu heyvanda, quduzluq xəstəliyinə qarşı 251.135 baş ev itində, Leptospiroz xəstəliyinə qarşı 732.193 baş iribuynuzlu heyvanda, 424.644 baş xırdabuynuzlu heyvanda, qoyunların çiçək xəstəliyinə qarşı 7.810.180 baş davarda, Nodulyar dermatit xəstəliyinə qarşı 2.178.145 baş iribuynuzlu heyvanda, həmçinin quşların Nyukasl xəstəliyinə qarşı 16.409.389 baş quşda H vaksini ilə, 26.085.244 baş quşda isə La-Sota vaksini ilə profilaktiki peyvəndləmələr aparılıb.

Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 1.090.629 baş iribuynuzlu, 299.235 baş xırdabuynuzlu heyvandan, o cümlədən 138.444 baş qoçdan qan nümunəsi alınaraq seroloji müayinə edilib.

Bruselyoz xəstəliyinə qarşı 1.476.297 baş xırdabuynuzlu cavan heyvanda Rev-1 vaksini ilə profilaktik peyvəndləmə aparılıb. Bununla yanaşı, epididimit xəstəliyinə görə 104.241 baş törədici qoç, vərəm xəstəliyinə görə 355.287 baş iribuynuzlu heyvan diaqnostik müayinəyə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti