Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:57-də yayılıb)
Bakı. Ənvər Məmmədov - Trend:
Manatın devalvasiyasına baxmayaraq, 2015-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi sabit səviyyədə qalıb. Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ötən il əmtəə dövriyyəsinin həcmi 2014-cü ilin göstəriciləri ilə müqayisədə 60 milyon dollar artıb: "Bəzi gömrük rüsumlarının azaldılmasına və bir sıra malların gömrük rüsumu ödənişindən azad edilməsinə rəğmən, biz dövlət büdcəsinə daxilolmalar üzrə proqnozu tam yerinə yetirdik".
A.Əliyev qeyd edib ki, ötən il ərzində 8,6 mindən çox gömrük pozuntusu, 300 cinayət faktı qeydiyyata alınıb: "Bunların böyük hissəsi narkotik maddələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqla bağlıdır. Ötən il dövriyyədən 90 kiloqramdan çox narkotik vasitə və 166 qram təhlükəli psixotrop maddə çıxarılıb".