...

Azərbaycanla İsrail arasında iqtisadi, enerji, yüksək texnologiyalar sahələrində əməkdaşlıq müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2016 16:29 (UTC +04:00)
Vergilər naziri Fazil Məmmədov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb.
Azərbaycanla İsrail arasında iqtisadi, enerji, yüksək texnologiyalar sahələrində əməkdaşlıq müzakirə edilib

Bakı. Trend:

Martın 4-də vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavı qəbul edib.

Bu barədə Trend-ə Vergilər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycana fövqəladə və səlahiyyətli səfir təyin olunması münasibətilə Dan Stavı təbrik edən F.Məmmədov son illər ərzində əldə olunmuş uğurların əsasında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş iqtisadi siyasətinin dayandığını bildirib. Ölkəmizdə multikultural və tolerant mühitin dərin tarixi köklərə malik olduğunu vurğulayan nazir Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsinin təsadüfi olmadığını bildirib. Vergilər naziri Azərbaycanda dini tolerantlığın hökm sürdüyünü qeyd edərək, ölkəmizdə yaşayan müxtəlif xalqların, o cümlədən yəhudi xalqının multikulturalizmin yaratdığı dəyərlərdən bəhrələndiyini deyib.

Sonra nazir Azərbaycanda reallaşdırılan vergi islahatları, vergi inzibatçılığı və informasiya texnologiyalarının tətbiqi, vergi ödəyicilərinə göstərilən elektron xidmətlər, elektron hökumət quruculuğu və elektron hökumətdən mobil hökumətə keçidlə bağlı Vergilər Nazirliyi tərəfindən aparılan işlər barədə danışıb.

Görüşdən məmnunluğunu ifadə edən cənab Dan Stav ölkəsinin Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verdiyini, son illər ərzində qarşılıqlı olaraq yüksək səviyyəli nümayəndə heyətlərinin səfərlərinin təşkil olunduğunu, mövcud əməkdaşlığın genişləndirilməsi üçün diplomatik fəaliyyəti dövründə səylə çalışacağını bildirib.

İqtisadi və digər sahələrdə partnyorluğun daha da genişləndirilməsini qarşıya qoyulan prioritet vəzifələrdən biri olduğunu deyən Dan Stav səfir kimi fəaliyyəti dövründə ikitərəfli və beynəlxalq əməkdaşlıq çərçivəsində münasibətlərin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.

Ölkələrimiz arasında sərmayə qoyuluşu və investisiyaların təşviqi ilə bağlı yeni imkanların açıldığını bildirən səfir son zamanlar bu sahədə qanunvericilikdə mühüm dəyişikliklərin olduğunu diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında iqtisadi, enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti