...

Biznesə başlamaq istəyən gənclər üçün müsabiqə

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2016 20:53 (UTC +04:00)
“Youth Inc.” biznesə başlamaq istəyən gənclər üçün müsabiqə elan edir.
Biznesə başlamaq istəyən gənclər üçün müsabiqə

Bakı. Trend:

"Youth Inc." gənclərin sahibkarlıq proqramı öz biznesinə başlamaq istəyən və hazırda yeni biznesini inkişaf etdirən gənc sahibkarları "Paylaş. Qazan. Biznesinə başla!" adlı onlayn müsabəqidə iştirak etməyə və 2 500 AZN-dək ilkin investisiya əldə edərək "Youth Inc." Biznes İnkubasiya Mərkəzinin imkanlarından yararlanmağa dəvət edir.

"Coca-Cola" və Azərbaycan Gənclər və İdman Nazirliyini dəstəyi ilə DVC ("Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi) tərəfindən 2013-cü ildən həyata keçirilən "Youth Inc." proqramı gənc sahibkarlığın inkişafı geniş imkanlar təklif edir. "Coca-Cola"nın "Youth Inc." proqramı çərçivəsindəki fəaliyyəti Azərbaycanda gənc insanların təhsil və bizneslərinin inkişafının dəstəklənməsinə yönəldilib. "Coca-Cola" hesab edir ki, cəmiyyətin iqtisadi rifahının yüksəldilməsi və ölkənin dayanıqlı inkişafına yardım baxımından gənclərə yatırılan investisiyalar vacibdir.

Təklif olunan müsabiqə vasitəsilə gənc sahibkarların biznes-ideyaları ictimaiyyət tərəfindən qiymətləndiriləcək və gənclər ideyalarını reallaşdırmaq üçün müəyyən investisiya əldə edəcək. Biznes ideyası olan və ideyanı həyata keçirməyə hazır hər bir 18-35 yaş arası olan gənc sahibkar komandası ilə birgə müxtəlif hazırlıq səviyyəsində olan biznes-ideyalar (pre-konsept, konsept, hazırda icra mərhələsində olan və s.) ilə müsabiqəyə qatıla bilər.

Bunun üçün biznes-ideyanı share.youthinc.az ünvanında qeydiyyatdan keçirmək lazımdır. 10 gün ərzində biznes-ideyanın müsabiqəyə buraxılması təsdiqlənəcək və "Youth Inc." proqramının "Facebook" səhifəsində yerləşdiriləcək. Bundan sonra səhifədən biznes-ideyanın paylaşımları ("share") həyata keçiriləcək - daha çox paylaşım, daha çox investisiya deməkdir. Hər bir paylaşan şəxs biznes-ideyaya dəstək göstərmiş və onu təqdim etmiş gənc sahibkar üçün investisiya gətirmiş olacaq. 14 gün ərzində müsabiqənin qaydalarına əməl etməklə ən çox paylaşılan biznes-ideya sahibi hər paylaşıma görə 1 AZN əldə edəcək. Qalib biznes-ideya 2 500 AZN-dək investisiya qazanacaq. Son müraciət tarixi 22 aprel 2016-cı il, saat 18:00-a qədərdir.

"Youth Inc." proqramı tərəfindən həyata keçirilən müsabiqə "CrowdFunding", yəni fərdlər tərəfindən könüllü olaraq yeni bizneslərin və innovasiyaların dəstəklənməsi modelininin Azərbaycanda tanıdılması üçün ilk addımdır. Müsabiqə gənc sahibkarların biznes-ideyalarının geniş ictimaiyyət arasında tanıdılması, gənc sahibkarların potensial investorlara təqdim olunmasına yardımçı olacaq.

Təqdirəlayiqdir ki, "Youth Inc." çərçivəsində 8 yeni şirkətin qurulmasına dəstək göstərilib, 5 minə yaxın gənc proqramın təklif etdiyi təlim və tədbirlərin iştirakçısı olub. Proqramın məqsədi Azərbaycanda biznes-inkubasiya üsullarının istifadəsi ilə gənclərin sahibkarlıq fəaliyyətinə dəstək olmaq, ölkədə kiçik və orta biznesin inkişafına töhfə verməkdir. Şəxsi biznes-ideyasını həyata keçirmək istəyən gənclər üçün proqramın əsas mərkəzinə çevriləcək "Youth Inc." Biznes İnkubasiya Mərkəzi artıq fəaliyyətdədir və Mərkəz gənc sahibkarlara geniş spektrli xidmətlər göstərməyə hazırdır. "Youth Inc." proqramı haqqında daha ətraflı məlumatı www.youthinc.az saytından əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti