...

Azərbaycan bankları konvertasiyaya görə komissiyanı azaldırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2016 19:01 (UTC +04:00)
Azərbaycan bankları plastik kartlardan istifadə zamanı vəsaitlərin konvertasiyasına görə komissiyanın azaldılmasına başlayıblar.
Azərbaycan bankları konvertasiyaya görə komissiyanı azaldırlar

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan bankları plastik kartlardan istifadə zamanı vəsaitlərin konvertasiyasına görə komissiyanın azaldılmasına başlayıblar. Bunu Trend-ə Azərbaycan Banklar Assosiasiyasının (ABS) prezidenti, "Rabitəbank"ın Müşahidə Şurasının sədri Zakir Nuriyev deyib.

Trend-in məlumatına görə, bəzi banklar artıq komissiya yığımlarını 1 faizədək azaldıblar.

Onun sözlərinə görə, konvertasiyaya görə komissiyanın azaldılması ölkənin maliyyə sektorunda gedən proseslərə bankların adekvat reaksiyasıdır: "Konvertasiyaya görə komissiya ölkədə devalvasiya prosesləri gedən dövrdə qaldırılıb. Bildiyiniz kimi, o vaxt bəzi işbazlar vəziyyətdən istifadə etmək qərarına gəlmişdilər. Əhalinin bir hissəsi öz dollar kartlarına fəal olaraq manat yükləyirdi, sonra isə dolları çıxardaraq onu satırdı. İndi isə manatın məzənnəsi sabitləşib, buna görə də komissiyanın yüksək səviyyədə saxlanılması öz aktuallığını itirir".

Xatırladaq ki, 2016-cı ilin yanvarında Azərbaycan bankları konvertasiyaya görə komissiyanı dörd, bəziləri isə altı faizə qədər yüksəltmişdi.

Z.Nuriyev qeyd edib ki, bankları bu addımı atmağa xarici valyutada istehlak kreditlərinin verilməsinə qoyulmuş moratorium da məcbur etmişdi. Bu qərardan sonra banklar xarici valyutada kredit kartlarının satışını da dayandırdılar: "Maliyyə Bazarlarına Nəzarət Palatasının atdığı bu addımlar da bankları valyutanın konvertasiyasına görə komissiyanı azaltmağa vadar etdi. Qeyd etmək istəyirəm ki, banklara bu barədə heç bir göstəriş və tövsiyə verilməyib. Bu, hər bankın şəxsi təşəbbüsüdür".

Onun sözlərinə görə, bu proses bir neçə bankda başlayıb, lakin yaxın vaxtlarda qalan banklar da analoji addımı atacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti