...

Bakıda Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun maliyyələşdirilməsində Rusiyanın iştirakı müzakirə edilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2016 12:03 (UTC +04:00)
Bakıda Azərbaycan, İran və Rusiya dəmiryolçuları arasında üçtərəfli görüş keçirilib.
Bakıda Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun maliyyələşdirilməsində Rusiyanın iştirakı müzakirə edilib (FOTO)

Bakı. Trend:

Bakıda Azərbaycan, İran və Rusiya dəmiryolçuları arasında üçtərəfli görüş keçirilib. “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları" ASC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib. O, bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinin reallaşdırılması Azərbaycanın tranzit potensialının artırılmasında, ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb.

Həmin Sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulub, 1 mart 2016-cı ildən Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda yeni dəmir yolu xəttinin tikintisinə start verilib.

Həm körpünün, həm də dəmir yolu xəttinin tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Sonra üçtərəfli görüşdə Azərbaycan tərəfinin Astara (Azərbaycan)-Astara (İran) birləşdirici xəttinin tikintisində, İran tərəfinin Qəzvin-Rəşt birləşdirici xəttinin tikintisində gördüyü işlər, Rusiya-Azərbaycan-İran və Rusiya-Azərbaycan-İran-Hindistan marşrutları üzrə və əks istiqamətdə yük daşınma həcminin artırılmasında “Rusiya Dəmir Yolları” ASC-nin iştirakı, Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsində də “Rusiya Dəmir Yolları” ASC-nin iştirak şərtləri müzakirə olunub.

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanmışdır. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minmişdir. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz "Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında» Saziş"ə qoşulub.

Tədbirin sonunda müvafiq sənəd imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti