Bakı. Trend:
İyulun 27-də Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla İran İslam Respublikası Yol və şəhərsalma nazirinin maliyyə təminatı və beynəlxalq məsələlər üzrə müavini Əsgər Fəxriyyə Kaşanın başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, C.Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib. O, bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinin reallaşdırılması iştirakçı ölkələrin tranzit potensialının artırılmasında, ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin Sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulmuş, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda yeni dəmir yolu xəttinin tikintisinə start verilmişdir. Tikinti işləri sürətlə davam edir.
İran İslam Respublikası Yol və şəhərsalma nazirinin maliyyə təminatı və beynəlxalq məsələlər üzrə müavini Əsgər Fəxriyyə Kaşanın çıxış edərək, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyini bildirib.
Sonra iclasda Azərbaycan tərəfinin Astara-Rəşt dəmir yolu tikintisinə Azərbaycanın maliyyə yatırımı, dəmir yolu tikintisinin qrafiki, işlərinin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanmışdır. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minmişdir. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz «Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında» Saziş»ə qoşulmuşdur.