Bakı. Trend:
Prezident İlham Əliyev “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Fərmanla müəyyən edilir ki, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun adında, 1-ci maddəsində, 2-ci maddəsinin birinci abzasında, 3-cü maddəsinin birinci abzasında və 4-cü hissəsində, 4-cü, 5-ci və 6-cı maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsinin gəlirlərinin və xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Prezidentinə və Nazirlər Kabinetinə məlumat versin.
Maliyyə Nazirliyinə tapşırılır ki, 2017-ci ildə Dövlət Sosial Müdafiə Fonduna nəzərdə tutulmuş ayırmaların (transfertin) rüblük və aylıq bölgüsünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin.
Maliyyə Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına və büdcədən maliyyələşən təşkilatların rəhbərlərinə tapşırılır ki, büdcədənkənar vəsaitlər üzrə əvvəlki illərdə yaranmış məcburi dövlət sosial sığorta haqları borclarını 2017-ci il üçün xüsusi vəsaitlərin smetalarında nəzərə alsınlar.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, şəhər və rayon icra hakimiyyətlərinə isə tapşırılır ki, ərazilərindəki dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə birlikdə tədbirlər həyata keçirsinlər.