...

Bakı Limanında yükaşırma 47 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2017 12:39 (UTC +04:00)
Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlərin və tikinti materiallarının idxalının payına düşüb.
Bakı Limanında yükaşırma 47 faiz artıb

Bakı. Trend:

Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının diversifikasiyasına yönəlmiş siyasətinin tələblərinə cavab verərək, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC xarici yüklərin cəlb olunması, Limanda dünya standartlarına cavab verən əməliyyat standartların tətbiqi üçün fəaliyyətini davam etdirib.

QSC-dən Trend-ə verilən məlumata görə, nəticədə 2016-cı ildə Bakı Limanında bütün istiqamətlər üzrə ciddi artım qeydə alınıb. Ümumi yükaşırmanın həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 47% artaraq 4.5 milyona çatıb. Yükaşırmanın 87%-i tranzit yükaşırmanın payına düşüb.

Eyni zamanda ən böyük artım təkərli texnikanın, xüsusən də iri həcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 3 dəfəyə yaxın artıb və rəqəm ifadəsində 23 415 ədəd irihəcmli nəqliyyat vasitəsi təşkil edib. Məlumat üçün qeyd edək ki, bu rəqəm keçən ilin müvafiq dövründə 8756 ədəd olub. Bunların 13 791 ədədi (58.3%) Bakı-Aktau-Bakı istiqamətində, 9850 ədədi (41.7%) isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.

2015-ci il ilə müqayisədə TEU ekvivalentində konteynerlərin aşırılması 28.5% artaraq 17 100 TEU təşkil edib. Neft və neft məhsullarının aşırılması isə 2 dəfəyə yaxın (87.5%) artaraq 1 milyon 575 min tona çatıb. Ələt qəsəbəsində yerləşən yeni Bərə Terminalında vaqon aşırılması 17.4% artaraq 36 896 ədədə çatıb. Bunlardan 11 109 vaqon (30.1%) Bakı-Aktau-Bakı istiqamətində, 25 787 (69.9%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib. Hər iki istiqamətdə sərnişindaşıma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artaraq 20 203 nəfər olub.

Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı 2016-ci ildə keçən ilin müvafiq dövrü ilə müqayisədə 8.2% artaraq 418.1 min ton olub. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlərin və tikinti materiallarının idxalının payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti