...

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 466 milyon manat müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2017 15:17 (UTC +04:00)
Azərbaycanda yeni yaradılan İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 466 milyon manat məbləğində müəyyən olunub.
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 466 milyon manat müəyyən olunub

Bakı. Trend:

Azərbaycanda yeni yaradılan İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 466 milyon manat məbləğində müəyyən olunub.

Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 2017-ci il 25 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsində deyilir.

Qeyd olunur ki, Fondun nizamnamə kapitalı və fəaliyyəti üçün digər aktivlər, onun Nizamnaməsinə uyğun olaraq, təsisçinin qərarı ilə Fondun istifadəsinə verilmiş və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin balans dəyərindən təşkil olunur.

Dövlət Fondun öhdəlikləri üçün cavabdeh deyil və Fondun fəaliyyəti ilə bağlı zərərə görə nizamnamə kapitalındakı payı həddində risk daşıyır. Fond dövlətin öz üzərinə götürdüyü hər hansı öhdəliyə görə cavabdeh deyil.

Fondun fəaliyyətinin əsas məqsədi Azərbaycan əhalisinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizmlərini yaratmaq, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirmək, habelə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verməkdir. Fond əhaliyə birbaşa ipoteka kreditlərinin verilməsi ilə məşğul olmur.

Azərbaycan Prezidenti Administrasiyasının (1 nəfər), İqtisadiyyat Nazirliyinin (1 nəfər), Maliyyə Nazirliyinin (1 nəfər), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (1 nəfər) və Azərbaycan Mərkəzi Bankının (1 nəfər) nümayəndələrindən ibarət olan Şuranın 5 nəfər üzvü var. Şuranın üzvlərini Azərbaycan Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Şuranın üzvləri 3 il müddətinə təyin edilirlər və ictimai əsaslarla fəaliyyət göstərirlər. Onlar növbəti müddətlərə yenidən təyin edilə bilərlər. Şuranın üzvləri öz aralarından ardıcıl qaydada Şuranın sədrini seçirlər. Sədrin səlahiyyət müddəti üç aydır.

Şura Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində çoxmənzilli binalardakı mənzillərin və yaşayış evlərinin yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətlərini təsdiq edəcək; ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin maksimal məbləğini, habelə həmin kreditlər üzrə illik faiz dərəcələrini təsdiq edəcək.

Fondun əmlakı nizamnamə kapitalına daxil olan əmlak, dövlət büdcəsindən ayırmalar, öz fəaliyyətindən əldə olunan daxilolmalar, Fondun emissiya etdiyi istiqrazların yerləşdirilməsindən əldə olunan vəsaitlər, alınmış kreditlər, yardımlar, qrantlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.

Fondun nizamnamə kapitalının artırılması və ya azaldılması Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Fond qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra özünün, törəmə cəmiyyət, idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəət üzərində müstəqil sərəncam vermək hüququna malikdir. Fond xərclərini öz gəlirləri hesabına maliyyələşdirir.

Fondun milli valyutada pul vəsaiti Azərbaycan Mərkəzi Bankında açılan bank hesablarında saxlanılır.

Fond sərbəst pul vəsaitindən yalnız aşağıdakı istiqamətlərdə istifadə edir:

- ipoteka kreditləşməsi üçün;
- müəssisələrin səhmlərinin (paylarının) və dövlət qiymətli kağızlarının əldə olunması üçün;
- müvəkkil banklarda və ya kredit reytinqi Azərbaycan Respublikasının (suveren) borc reytinqindən maksimum 1 pillə aşağı olan yerli banklarda depozitlərin yerləşdirilməsi üçün.

Fondun yenidən təşkili və ləğvi barədə qərarı Azərbaycan Respublikasının Prezidenti qəbul edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti