Bakı, Trend:
Azərbaycan xaricdə ticarət nümayəndəlikləri şəbəkəsini genişləndirir.
Trend-in məlumatına görə, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəis müavini Zöhrab Qədirov "KOB imkanlarının genişləndirilməsi, yaşıl inkişaf iqtisadiyyatının şaxələndirilməsi" mövzusunda keçirilən beynəlxalq tədbir zamanı deyib.
"Xatırladım ki, 2022-ci ilin yanvar-oktyabr aylarında ölkənin qeyri-neft ixracı 16,2 faiz artaraq 2,4 milyard dollar təşkil edib. Qeyri-neft sənayesinin əsas ixrac malları sənaye və kənd təsərrüfatı məhsullarıdır", - deyə Qədirov bildirib.
Onun sözlərinə görə, ölkədə, o cümlədən, işğaldan azad edilmiş ərazilərdə xüsusi iqtisadi zonalar yaradılıb ki, burada sahibkarlar güzəştli şərtlərlə öz fəaliyyətlərini həyata keçirə bilərlər.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən işlərdən danışan Qədirov qeyd edib ki, artıq iki beynəlxalq hava limanı tikilib, Laçın aeroportunun tikintisi isə davam edir.
Həmçinin, o, gələcək iqtisadi inkişaf kontekstində Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunun böyük potensialını vurğulayıb. Qeyd edib ki, bu mənada, şərqdən qərbə yüklərin daşınmasında “qapı” olan Bakı limanının da rolunu qeyd etmək lazımdır.