...

BVF qızıl və "bitcoin"inin bahalaşma səbəblərindən danışıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2024 10:00 (UTC +04:00)
BVF qızıl və "bitcoin"inin bahalaşma səbəblərindən danışıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Vaşinqton. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) qızılın rekord səviyyədə yüksək qiymətlərinin iki təkanverici qüvvəsi olduğunu hesab edir.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) maliyyə müşaviri və Pul-Kredit Sistemləri və Kapital Bazarları Departamentinin direktoru Tobias Adrian BVF-in Vaşinqtonda keçirilən yaz iclasları çərçivəsində qlobal maliyyə sabitliyi hesabatı üzrə brifinqdə deyib.

Qızılın spot qiyməti aprelin 3-də bir unsiyaya görə 2313,50 ABŞ dolları olmaqla daha bir rekord səviyəyə çatıb.

"Həqiqətən, qızılın qiyməti tarixi yüksək səviyyəyə çatıb. Biz burada iki təkanverici qüvvə görürük. Bunlardan biri, şübhəsiz, ehtiyat aktivlərinin idarəedicilərinin xammala, o cümlədən qızıla yönəlməsi ilə əlaqədardır və bu, bu qiymətləndirmələrə töhfə verən amillərdən biri ola bilər. İkincisi, əlbəttə ki, maliyyə bazarlarında dəyişkənlik kifayət qədər məhdudlaşıb, lakin daha dərin iqtisadi, geosiyasi qeyri-müəyyənlik əvvəlki kimi yüksək olaraq qalmaqdadır, qızıl isə adətən bu daha geniş geosiyasi risklərdən bir növ müdafiə vasitəsi olaraq nəzərdən keçirilir", - deyə o bildirib.

T.Adrian 73 min 750 ABŞ dolları dəyərində yeni rekord müəyyən etmiş, bazar kapitalizasiyasının 1,44 trilyon ABŞ dollarına çatdığı "bitcoin"lə bağlı bildirib ki, "bitcoin"lərin qiymətləndirilməsini təyin edən təməl faktorları müəyyən etmək çətindir.

""Bitcoin"in qiymətində dəyişikliklər olub, lakin həm də bu ilin əvvəlində tarixi maksimuma çatıb. "Bitcoin"lərin qiymətləndirilməsinə gəlincə, öz rolunu oynamış texniki amillərdən biri ABŞ-də icazə verilən birja məhsullarının inkişafıdır (ETP). Bunu "bitcoin" üçün ayrılmış vəsait olaraq nəzərdən keçirsək, ilin əvvəlindən ETP vasitəsilə bu investisiyalarda mühüm axın baş verib", - deyə o əlavə edib.

Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinə başlayıb.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 aprel tarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərində keçiriləcək.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə Komitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada DBQ və BVF-in fəaliyyəti müzakirə olunacaq.

BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və inkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaş cəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir araya gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünya iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti