...

Tranzit prosedurlarının elektronlaşdırılması Azərbaycanın mühüm tranzit qovşağı kimi mövqeyini möhkəmləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2024 11:11 (UTC +04:00)
Tranzit prosedurlarının elektronlaşdırılması Azərbaycanın mühüm tranzit qovşağı kimi mövqeyini möhkəmləndirir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Tranzit prosedurlarının elektronlaşdırılması Azərbaycanın regional səviyyədə mühüm tranzit mərkəzi kimi mövqelərini gücləndirir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Bəhruz Quliyev "Kiçik və Orta Biznes (KOB) üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda bildirib.

B.Quliyev komitənin işinin prosedurların şəffaflığının təmin edilməsinə, xidmətlərin əlçatanlığının artırılmasına və sahibkarlar ilə xarici iqtisadi fəaliyyət iştirakçıları üçün əlverişli mühitin yaradılmasına yönəldiyini vurğulayıb.

"Bizim prioritet istiqamətlərimizdən biri gömrük əməliyyatlarının sadələşdirilməsi və rəqəmsallaşdırılmasıdır ki, bu da xərcləri azaltmağa və proseslərin operativliyini artırmağa imkan tanıyır. Biz innovativ həlləri və müasir risk idarəetmə metodlarını tətbiq edirik ki, bu da artıq gömrük prosedurlarının böyük hissəsinin avtomatlaşdırılmasına imkan yaradıb", - B.Quliyev qeyd edib.

O, əsas layihələrdən biri kimi yeni elektron xidmətlərin tətbiqini və rəqəmsal infrastrukturun inkişafını vurğulayıb və bunun sayəsində Azərbaycanın gömrük nəzarət sisteminin ən qabaqcıl və istifadəçilər üçün rahat sistemlərdən birinə çevrildiyini bildirib.

"Bizim təşəbbüslər çərçivəsində ölkənin tranzit potensialının inkişafına xüsusi diqqət yetirilir. Tranzit prosedurlarının elektronlaşdırılması və beynəlxalq sistemlərdə iştirak Azərbaycanın regional səviyyədə mühüm tranzit mərkəzi kimi mövqelərini gücləndirir", - o əlavə edib.

B.Quliyev, həmçinin, komitənin xarici investisiyaların cəlb edilməsi, qeyri-neft ixracının stimullaşdırılması və Azərbaycan mallarının xarici bazarlardakı mövcudluğunun genişləndirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəldiyini vurğulayıb.

"Bu baxımdan, gömrük prosedurlarının sadələşdirilməsi və milli istehsalın rəqabət qabiliyyətinin artırılması layihələri həyata keçirilib. Biz gömrük xidmətinin yalnız beynəlxalq standartlara uyğun olmasını deyil, həm də gömrük idarəçiliyi sahəsində yeni meyarlar müəyyən etməsini, ticarətin sərbəst və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün şərait yaratmağı hədəfləyirik", - Bəhruz Quliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti