Azərbaycanda quş qripi ilə mübarizə istiqamətində kompleks işlər davam edir. Trend in məlumatına görə, bu barədə aprelin 5-də Quş qripinin qarşısının alınması və bu sahədə bütün strukturların fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının rəsmi məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, köçəri quşların Azərbaycan ərazisini tərk etməsi ilə əlaqədar ev quşları arasında ölüm faktı aşkar edilməyib. Eləcə də Səhiyyə Nazirliyinin məlumatlarına görə, son vaxtlar bu virusa yoluxmaqda şübhəli olan heç kim müraciət etməyib.
Buna baxmayaraq, Səhiyyə Nazirliyinin, Kənd təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Ekologiya Nazirliyinin, onların yerlərdəki strukturlarının, rayon icra hakimiyyətlərinin bu məsələ ilə bağlı əhalini maarifləndirməklə bağlı işlər dayandırılmamalıdır.
Məlumatda bildirilir ki, bu gün monitorinqlərin keçirilməsi əsas məsələ olaraq qalır. Əhalinin bütün sanitar-gigiyena qaydalarını yerinə yetirməsi də az əhəmiyyətli deyil.
"Əhali qapalı rejimdə işləyən quşçuluq müəssisələrinin məhsullarından heç bir narahatlıq olmadan istifadə edə bilər", - deyə məlumatda bildirilir.