Noyabrın 24-də Ernst & Young və mobil rabitə operatoru Bakcell nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunun 4-cü kurs tələbələri üçün birgə təqdimat tədbiri keçiriblər. Bu barədə Trend Ernst & Young şirkətinin məlumatına istinadən xəbər verir.
Sənəddə qeyd olunub ki, Bakcell şirkətinin mühasibat meneceri Emil Həsənov, və Ernst & Young şirkətinin audit meneceri Aytən İsayeva tələbələrlə telekommunikasiya şirkətlərində tətbiq edilən mühasibat məsələlərini müzakirə ediblər.
Müzakirə zamanı gəlirlərin tanınması ilə bağlı mürəkkəb məsələlər, digər telekommunikasiya şirkətlərinin aparıcı təcrübəsi, telekommunikasiya şirkətlərində gəlirlərin təmin edilməsi və gəlirlərlə bağlı saxtakarlığın qarşısının alınması məsələlərinə toxunulub.
Tələbələri təəccübləndirən bir fakt açıqlanıb ki, Azure Solutions şirkətinin tədqiqatlarına görə, bütün dünyada telekommunikasiya operatorlarının gəlirlərinin təxminən 11.6 faizi gəlirlərin təmin edilməsi funksiyasının olmaması və saxtakarlıq hallarının baş verməsi nəticəsində itirilir.
Mühasibat uçotu sahəsində hazırlıqlı olan tələbələr təqdimatçılarla geniş müzakirələr aparıblar.
Təqdimat aparıcı qlobal peşəkar xidmətlər şirkəti olan Ernst & Young tərəfindən ABŞ Ticarət Palatasının maliyyə dəstəyi ilə müasir mühasibat uçotu mövzusunda təşkil edilmiş kurs çərçivəsində aparılıb.
Kursun təşkilatçıları inanırlar ki, tələbələrin akademik biliklərinin praktiki nümunələrlə təmasda olmasını təmin etmək üçün standart təlim kurslarına bu cür müasir mexanizmlər də daxil edilməlidir və bu cür təşəbbüsləri dəstəkləyirlər.
Bakcell Azərbaycanda telekommunikasiyalar sahəsində sürətlə böyüyən şirkətlərdən biridir. Yeni rəhbərlik komandasının başçılığı altında Bakcell istifadəçilərə sərfəlilik, ən müasir texnologiyalar və sadəlik kimi üç əsas dəyərə əsaslanan, bazara arxalanan, keyfiyyətə böyük diqqət yetirən bir şirkətə çevrilir. 2004-cü ilin yanvar ayından etibarən Bakcell tam özəlləşdirilmiş şirkət kimi fəaliyyət göstərir.
Azərbaycanda ABŞ Ticarət palatası qeyri-kommersiya təşkilatı olub Azərbaycanda işgüzar mühitin təkmilləşdirilməsi ilə məşğul olur və azərbaycanlı və amerikalı sahibkarlar üçün kommersiya imkanlarını tədqiq edir. Palata Azərbaycanda yeni qlobal mühasibat uçotu standartlarına keçməyə yönəlmiş səyləri dəstəkləyir.
Peşəkar xidmətlərin göstərilməsində qlobal lider olan Ernst & Young şirkəti maliyyə hesabatlarının keyfiyyətini təkmilləşdirmək üçün səylərini əsirgəmir. 140 ölkədə 114,000 işçi audit, mühasibat uçotu, vergi məsələləri və iqtisadi əməliyyatlar sahələrində təməl biliklərimizə əsaslanaraq, mürəkkəb xidmətlərin göstərilməsində ən yüksək səviyyəli düzlük, keyfiyyət və peşəkarlığa sadiq qalırlar. Ernst & Young bütün MDB-də on üç ofisdə çalışan 2,637 əməkdaşı vasitəsilə xidmətlər təklif edir.