Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova / Ümumdünya Ticarət Təşkilatının (ÜTT) sıralarına daxil olma çərçivəsində Azərbaycan hökuməti Cenevrədə ABŞ, Yaponiya, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və bir sıra digər ölkələrlə ikitərəfli danışıqlar aparıb. Bu barədə bazar ertəsi danışıqlar qrupunun rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.
Bunlardan yalnız BƏƏ ilə danışıqların başa çatması ilə əlaqədar protokol imzalanması üçün müzakirə haqqında razılıq əldə olunub. ÜTT-yə üzv olan digər ölkələrlə isə danışıqlar davam etdiriləcək.
"Məsləhətləşmələr əsasən xidmətlər və tariflər üzrə aparılıb. Amma ayrı-ayrı məsələlər üzrə, xüsusilə müxtəlif istiqamətlərdə xidmətlər bazarının liberallaşdırılmasında hələ kompromis tapılmayıb",-deyə Məmmədquliyev söyləyib.
Daha öncə ABŞ-ın torpaq bazarı ilə bağlı Azərbaycana təklifi olmuşdu. Burada bütün əməliyyatların aparılması üçün (alqı-satqı) qanunvericiliyin dəyişdirilməsi tələb olunurdu. ABŞ həmçinin memarlıq-layihə bazarında və tikinti şirkətlərinə, xüsusilə xarici işçilərin bu bazara buraxılması ilə bağlı məhdudiyyətlərin götürülməsini tələb edir. Bu gün Azərbaycan qanunvericiliyində xarici mütəxəssislərlə bağlı kvota mövcuddur. ABŞ istəyir ki, şərtlər bərabər olsun və qanun buna mane olmasın.
Avropa Birliyi və ABŞ danışıqlarda əsas tərəfdaşlardır, onlarla razılıqdan çox şey asılıdır. AB ilə danışıqlar 2007-ci ilin mayında keçirilib.
AB və ABŞ-ın mövqeyi ona yönəlib ki, ÜTT-yə daxil olan ölkə gömrük tarifləri üzrə öhdəlik götürməlidirir. Onları həmçinin əqli mülkiyyət hüququ məsələləri, Azərbaycanda birbaşa bank filiallarının açılmasına məhdudiyyətin götürülməsi maraqlandırır. Həmçinin ölkənin sığorta bazarına xarici kapitalın daxilı olmasına məhdudiyyət, beynəlxalq danışıqlar üzrə kommunikasiya bazarında inhisarın aradan qaldırılması məsələləri ilə maraqlanırlar.
Bu günə qədər Oman, Gürcüstan, Moldova və Türkiyə ilə danışıqlar tam başa çatdırılıb.
Bu ölkələrin razılığı var və onlar protokolu imzalamağa hazırdırlar. Məmmədquliyev bildirib ki, protokolun imzalandığı Türkiyədən başqa digər ölkələrlə iş müzakirə mərhələsindədir.