Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycan nümayəndələri sentyabrın 10-12-də Moskvada keçiriləcək Qərbi Avropa Kredit İttifaqları Konqresində iştirak edəcək. Bu barədə Azərbaycan Kredit Ittifaqları Assosiasiyasının məlumatında göstərilib.
Azərbaycanı Azərbaycan Kredit Ittifaqları Assosiasiyasının İdarə Heyətinin rəhbəri Elçin Bağırov və İcraçı Kredit Agentliyinin (İKA) baş direktoru Məcid Əsədov təmsil edəcəklər.
Konqresdə dünyanın 15 ölkəsindən 150-dən çox kredit təşkilatı iştirak edəcək. Konqres çərçivəsində Kredit ittifaqlarının fəaliyyətini təmin edən qanunvericilik, onların təmin olunması və müdafiəsi üzrə Dəyirmi masalar təşkil olunacaq. Həmçinin dünyanın müxtəlif ölkələrindən olan kredit ittifaqları ilə tərəfdaşlıq və qarşılıqlı fəaliyyət imkanlarının müzakirə olunması üçün görüşlər keçiriləcək.
Konqresin təşkilatçısı Rusiya Kredit İttifaqları Liqası və Ümumdünya Kredit İttifaqları Şurasıdır. İrlandiya Kredit İttifaqları Liqası və dünya birliyinin dəstəyi ilə Polşa Kredit İttifaqları Assosiasiyası həmtəşkilatçı kimi çıxış edirlər.
Azərbaycan Kredit Ittifaqları Assosiasiyası 2003-cü ildə yaradılıb. Assosiasiyanın əsas məqsədi - kredit ittifaqlarının lobbiləşdirilməsi, ölkə daxilində kredit ittifaqları şəbəkəsinin inkişafı və bu məqsədlərə çatmaq üçün təlimlərin keçirilməsidir.
İKA-nin təsisçisi Azərbaycan Kredit Ittifaqları Assosiasiyasıdır.
Azərbaycan Kredit Ittifaqları Assosiasiyasının strateji planına əsasən, qurum 2008-ci ildə WOCCU-ya üzv olmağı planlaşdırır.