Azərbaycan, Bakı, 06 may / Trend , müxbir S.Əliyev/ Azərbaycan İrana elektrik enerjisinə görə olan borcunu qaytarmağa başlayıb. Bu barədə "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib. Borcun oktyabr ayına qədər qaytarılması nəzərdə tutulub. Borc həcmi 200 mln. kVt/saatdan çoxdur.
İrana sutkada təxminən 1 mln. kVt/saat elektrik enerjisi qaytarılır. Bu həcmin 600 min kVt/saatı İmişli (Azərbaycan) - Parsabad (İran), təxminən 400 min kVt/saatı isə Astara (Azərbaycan) - Astara (İran) xətləri ilə qaytarılır.
İrandan Azərbaycana tədarük hesabına Naxçıvan Muxtar Respublikası elektrik enerjisi ilə təmin edilir. Azərbaycan İrandan elektrik enerjisini qış dövründə, enerji qıtlığı müşahidə olunan zaman alır. Bu elektrik enerjisi yayda İrana qaytarılır, çünki bu dövrdə İranda enerji qıtlığı müşahidə olunur.
Elektrik enerjisi İrana 11 faizlik qalıqla qaytarılır. Bu, Naxçıvana elektirik enerjisi tədarükü zamanı İran tərəfinin itirdiyi həcmə müvafiq ödənir.