Azərbaycan, Bakı, 18 avqust/ Trend /"Nabukko" qaz kəməri layihəsinin idarə edilməsi üçün yaradılan Nabucco Gas Pipeline International potensial xammal tədarükçüləri tərəfindən qaz kəmərinin doldurulması üzrə marketinq araşdırmalar aparıb.
Şirkətin bazar ertəsi yayılan məlumatında bildirilir ki, Mərkəzi Asiya və Yaxın Şərqdə yanacaq istehsalçıları üçün nəqletmə infrastrukturuna böyük ehtiyac ilə əlaqədar boru kəməri 2013-cü ildə - istismara veriləcəyinin gözlənildiyi vaxt qazla 100 faiz təmin olunacaq.
"Bu, Avropanın qaz bazarı üçün müsbət siqnaldır", - Gas Pipeline International şirkətinin icraçı direktoru Reynhard Mitçek bildirib.
Press-relizdə qeyd edilir ki, Gas Pipeline International potensial qaz tədarükçüləri ilə bir neçə niyyət protokolu imzalayıb.
Dəyəri $12,4 mlrd. olan "Nabukko" qaz kəməri ilə 2013-cü ildən Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.
2007- ci ildə Aİ-nin 27 ölkəsi arasında qaza tələbat 500 mlrd. kubmetr təşkil edib. Bu həcmdən 300 mlrd. kubmetr idxal olunub, 200 mlrd. kubmetr isə, Avropanın özündə hasil edilib. Növbəti 10 -15 il ərzində Avropada qaz istehlakı həcmi 700 mlrd. kubmetrədək artacaq, istehsal isə, 100 mld. kubmetrədək azalacaq.