Azərbaycan, Bakı, 08 oktyabr/ Trend , müxbir S.Əliyev/ "Azəri - Çıraq - Günəşli" layihəsinin irimiqyaslı işlənilməsinin operatoru olan BP şirkəti çərşənbə günü "Azəri" yatağının Qərb hissəsində neft hasilatını bərpa etmək niyyətindədir. Bu yataqda neft hasilatı sentyabrın ortalarında yatağın digər hissəsində qaz sızmasının aşkarlanması nəticəsində dayandırılıb.
İki platformanın dayandırılması nəticəsində ("Qərbi Azəri" yatağındakı platforma təhlükəsizhlik məqsədi ilə dayandırılıb) "Azəri" - "Çıraq" - "Günəşli" yataqlarının işlənməsi layihəsi çərçivəsində, neft hasilatı işlər dayandırılanadək əldə olunan təqribən 900 min barelə nisbətdə 50 faiz azalıb.
Hazırda BP "Mərkəzi Azəri" platformasının yanında aşkarlanmış qaz sızmasının səbəblərini müəyyənləşdirməkdə davam edir. Yataqda, analizi hazırda Londonda aparılan tədqiqatlar aparılıb.
"Qərbi Azəri"də hasilatla bağlı işlər normal getsə, yatağın mərkəzi hissəsindəki platforma da tədricən istismara veriləcək", - hökumətdən bildiriblər.
"Azəri" - "Çıraq" - "Günəşli" yataqlarının işlənməsi üzrə operator BP sentyabrın 17 - də "Mərkəzi Azəri" yatağında neft hasilatını dayandırıb və yataqda quraşdırılan platforma personalını dənizdə qaz aşkar olunduğundan, evokuasiya edib. Yatağın qərb hissəsində "Qərbi Azəri" platformasından da təhlükəsizlik məqsədilə hasilat dayandırılıb. "Azəri" yatağının şərq hissəsində quraşdırılan platformada hasilat davam edir.
"Mərkəzi Azəri" platforması yataqlardan hasil edilən neft və qazın nəqli zəncirində əsas halqadır. "Qərbi Azəri" və "Şərqi Azəri" yataqlarında yerləşən digər platformalardan hasil edilən neft və qaz "Mərkəzi Azəri" platformasına, sonra isə Səngəçal terminalına çatdırılır. Neft Səngəçal terminalından Bakı - Tbilisi - Ceyhan (BTC) neft kəməri ilə ixrac edilir.
"Azəri - Çıraq- Günəşli" yatağında Bakı - Tbilisi - Ceyhan boru kəməri ilə ixrac olunan Azeri Light növlü neft hasil edilir.