Türkmənistan, Aşqabad, 15 may / Trend , müxbir H.Həsənov /
Yarım il əvvəl Avropaya səfər edən Türkmənstan prezidenti Qurbanqulu Berdimuhammedov Baş nazirin müavini Tacberdı Tağıyev və XİN rəhbəri Rəşid Meredova yaxın iki ay ərzində Avropa İttifaqı ilə birbaşa danışıqlar aparmağı tapşırıb. Bu barədə rəsmi türkmən mənbəsi məlumat verib.
Xarici işlər naziri Avropa İttifaqı-Türkmənistan birgə komitəsinin 2009-cu il iyunun 3-4-də Brüsseldə keçiriləcək növbəti sammitində türkmən nümayəndə heyətinə başçılıq edəcək. Eyni nümayəndə heyəti Türkmənistanı Aİ "üçlüyü" və Mərkəzi Asiya dövlətləri arasında 2009-cu il mayın 29-30-da Düşənbədə keçiriləcək danışıqlarda təmsil edəcək.
Brüssel enerji daşıyıcı mənbələrinin diversifikasiyası məqsədilə türkmən qazına birbaşa çıxış axtarır. Avropada optimal variant kimi "Nabukko" qaz kəməri layihəsini hesab edirlər. Avropa Komissiyası nümayəndələrinin məlumatına əsasən, Aşqabad illik 10 milyard kubmetr qazın Aİ sərhədlərinə nəql edilməsinə təminat verib.
Müşahidəçilərin fikrincə, rəsmi Aşqabad Avropa təşəbbüsünü dəstəkləməyə yaxındır. Buna sübut olaraq "Nabukko" səhmdarı olan Almaniyanın RWE konserni ilə imzaladığı memorandumu göstərmək olar.
Yaxın zamanlarda Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Aşqabada səfər etməyi planlaşdırır. Səfər zamanı Avropa İttifaqının Türkmənistandakı nümayəndəliyinin açılışı baş tuta bilər.
Ötən il Aşqabadda Avropa Evinin açılışı olub. Bir müddət öncə Avropa Parlamenti Türkmənistanla əvvəllər dəfələrlə təxirə salınan ticarət razılaşması imzalayıb.
Mayda Türkmənistan nümayəndə heyəti Praqada keçirilən enerji forumundə iştirak edib və forum çərçivəsində ölkənin yanacaq-enerji kompleksinə nəzarət edən Baş nazirin müavini Tağıyev Aİ rəhbərləri ilə bir sıra görüşlər keçirib.
Türkmənistan karbohidrogen sərvətlərlə, əsasən də təbii qaz ehtiyatları ilə zəngindir. Sonuncu məşhur kəşflərdən biri olan "Cənubi İolotan-Osman" dünyanın ən iri yataqları siyahısına daxil edilib. Ölkənin Şərq hissəsindəki bloklarda olan ehtiyatlar isə 14 trilyon kub metr qaz həcmində ölçülür.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]