Azərbaycan, Bakı, 17 iyun / Trend /ARDNŞ-ın neft-qaz hasilatı idarəsi ölkənin ofşor və onşor yataqlarında 2008-ci ilin yanvar-may aylarında hasil edilən 22,8 milyon barelə nisbətdə bu ilin yanvar-may aylarında 22,2 milyon barel neft (3 milyon tondan çox) hasil edib. Bu barədə ARDNŞ-ın məlumatında deyilir.
ARDNŞ-ın xarici şirkətlər ilə birgə layihələrinin payı 5,8 milyon barel təşkil edir ki, bunun da 778,3 min bareli əməliyyat şirkətlərinin, 4,5 milyon bareli "Azəri-Çıraq-Günəşli" layihəsinin, 504 min bareli isə "Şah Dəniz" yatağı qazkondensatının payına düşür.
ARDNŞ ötən ilin analoji dövründəki 3,2 milyard kubmetrə nisbətdə, yanvar-may aylarında 3,4 milyard kubmetr qaz hasil edib. ARDNŞ-ın neft-qaz idarəsi bu dövr ərzində 3,1 milyard kubmetr qaz hasil edib. Quruda qaz hasil edən müştərək şirkətlər və əməliyyat şirkətləri yanvar-may aylarında ARDNŞ-a 30,1 milyon kubmetr qaz tədarük edib. Azərbaycanın Beynəlxalq Əməliyyat Şirkəti ARDNŞ üçün "Azəri-Çıraq-Günəşli" yatağında ötən ilin analoji dövründəki 687,7 milyon kubmetrə nisbətdə bu ilin yanvar-may aylarında 1,7 milyard qaz hasil edib.
Azərbaycanda 57 neft-qaz yatağı mövcuddur. Onlardan 18-i dənizdə, digərləri isə quruda yerləşir. Hazırda ARDNŞ əməkdaşlarının ştatı 62 min nəfərdən ibarətdir.