...

SOCAR Trading şirkətinin əsas məqsədi SOCAR-ın dünya bazarlarındakı rəqabət qabiliyyətliliyini artırmaqdır: SOCAR MİƏİ-nin rəhbəri ilə müsahibə

Energetika Materials 8 İyul 2009 18:07 (UTC +04:00)
SOCAR Trading şirkətinin əsas məqsədi SOCAR-ın dünya bazarlarındakı rəqabət qabiliyyətliliyini artırmaqdır: SOCAR MİƏİ-nin rəhbəri ilə müsahibə

Bakı, Azərbaycan, 08 iyul / Trend /

Trend -ın SOCAR-ın Marketinq və iqtisadi əməliyyatlar idarəsinin (MİƏİ) baş direktoru Tofiq Qəhrəmanovla müsahibəsi

- Təxminən ilyarım bundan əvvəl Azərbaycan neftinin dünya bazarlarında satışı ilə məşğul olan SOCAR Trading şirkəti yaradılıb. Şirkətin mövcud olduğu zaman çərçivəsində hansı uğurlar qazanılıb, orta və uzunmüddətli perspektivdə onun qarşısına hansı məqsədlər qoyulub?

- Sizin sualınıza tam və dəqiq cavab vermək üçün ötən illərə kiçik ekskursiya edək. Məlum olduğu kimi, hələ 2008-ci ilin əvvəlində SOCAR-ın Azeri Light neftinin ümumi hasilat və satış həcmləri böyük deyildi və ayda təxminən 4-5 milyon barel təşkil edirdi. Bu həcmlərin ixraca realizəsi MİƏİ tərəfindən spot tender satışları əsasında həyata keçirilib: əvvəlcə FOB Supsa və FOB Batumi şərtləri ilə, "Bakı-Tbilisi-Ceyhan" (BTC) boru kəmərinin istismara verilməsindən sonra isə FOB Ceyhan şərtləri ilə. Bununla, yanaşı tenderlərin əsas iştirakçıları treyder-şirkətlər olub.

Son illərdə neft qiymətlərinin dəfələrlə artımı ilə müşayiət olunan "Azəri-Çıraq-Günəşli" layihəsinin uğurlu realizəsi PSA tipli müqavilənin şərtlərini nəzərə alaraq, AÇG layihəsi çərçivəsində əldə olunan neftin bölünməsi həcminin dövlət və podratçı arasındakı nisbətinin dəyişməsinə gətirib çıxarmalı idi ki, bu da son nəticədə ötən ilin aprelində baş verdi. Cari şərtlərdə "böyük neftin" treydinqinə hazırlıq məsələsinin vacibliyini nəzərə alaraq, SOCAR rəhbərliyi böyük çevikliliyin təminatı və işin kommersiya əsasının gücləndirilməsi məqsədi ilə neft, maliyyə və bank biznesi sahəsindəki bütün əsas "oyunçuların" ofislərinin yerləşdiyi, Avropanın iş mərkəzlərindən biri olan Cenevrədə törəmə müəssisə yaratmaq haqqında qərar qəbul etdi.

2007-ci ilin dekabrında yaradılan SOCAR Trading şirkəti fəal fəaliyyətə demək olar ki, 2-3 ay sonra başladı. Onun prezentasiyası isə ötən ilin sentyabrında uğurla keçdi. Şirkətin qarşısında duran əsas məqsəd Azeri Light neftinin marketinqi, onun dünya bazarlarındakı rəqbət qabiliyyətliliyini artırmaq və nəticədə son istehlakçılara birbaşa tədarükdür.

Bu gün SOCAR Trading dünyanın müxtəlif yerlərinə (təxminən 25 ölkə) neft partiyaları tədarük edir. Fəaliyyətin başlanğıcından etibarən Shell, Total, Sunoco, Irving, Exxon, Chevron, Agip və bu kimi məşhur şirkətlərin özəl sistemlərinə təxminən 160 milyon bareldən çox neft tədarük edilib. MİƏİ ilə müqaviləyə əsasən, həmçinin SOCAR-a məxsus Kulevi gürcü limanından 358 min ton dizel yanacağı da realizə edilib.

Şirkətdə 30-a yaxın adam çalışır. Əsas mövqeləri bizim idarədən çıxmış SOCAR nümayəndələri tuturlar. Yeri gəlmişkən, SOCAR MİƏİ ilə SOCAR Trading arasındakı münasibətlər qarşılıqlı anlaşma və kömək əsasında qurulub. Biz konsolidə edilmiş satışlar etməyə çalışır, təcrübə mübadiləsi və bütün cari məsələlərin operativ həlli üçün mütəmadi olaraq bir-birimizə mütəxəssislər ezam edirik.

Sizin SOCAR Trading-in uzunmüddətli perspektivləri barədə sualınıza gəlincə, qeyd etmək istəyirəm ki, şirkətin qarşısında müxtəlifplanlı hədəflər durur: SVOP üzrə müxtəlif tərəfdaşlarla qarşılıqlı fəaliyyət, prosessinq və tollinq əməliyyatlarının realizəsi, tankerlərin taym-çarterə götürülməsi, perspektivli, yüksək rentabelli maddi aktivlərin alınması, dünyanın müxtəlif regionlarında neft və neft məhsullarının saxlanması üçün rezervuar parklarının icarəsi, digər daşınma və kommersiya hədəflərinin həlli.

- SOCAR Trading Sinqapurda özünün nümayəndəliyini açıb. Gözlənilir ki, bu şöbə Cənub-Şərqi Asiyada neft satışı ilə məşğul olacaq. Gələcəkdə bu regionda ticarətin həyata keçirilməsi üçün Cənubi Koreyada neftsaxlama bazasının yaradılması məsələsi nəzərdən keçirilirmi?

- Hələ inkişafın ilkin mərhələsində SOCAR Trading-in qarşısında ən yaxın zamanda üçüncü tərəflərlə biznesin qurulması hədəfi qoyulmuşdu. SOCAR Trading-in Sinqapurda nümayəndəliyinin açılmasını məhz bu kontekstdən nəzərdən keçirmək olar. Sirr deyil ki, bu gün Hindçin yarımadası və ümumilikdə Cənub-Şərqi Asiya regionu dünyada enerji resursları istehlakı üzrə lider mövqelərdən birini tutur. Burada böyük kapitallar cəmləşib, müxtəlif biznes-layihələrin həyata keçirilməsi üçün bütün imkanlar mövcuddur.

Buna görə də ümid edirik ki, SOCAR Trading Azərbaycan neftinin marketinqi və satışı ilə yanaşı, ilk növbədə yeni əlaqələrin qurulması və inkişafı məsələlərinə diqqət yetirəcək və ən yaxın zamanda dünyanın çox vacib regionunda müəyyən yer tutacaq.

Bugünlərdə Azərbaycanın hökumətinin nümyəndə heyəti rəsmi səfərlə Cənubi Koreyaya səfər edəcək. Nümayəndə heyətində SOCAR MİƏİ-nin nümayəndəsi də olacaq. Onun qarşısında danışıqların gedişində Cənubi Koreyada storrec - neftsaxlama bazalarının uzunmüddətli icarəsinin mümkünlüyünün müzakirəsi tapşırığı qoyulacaq. Yeri gəlmişkən, keçid neftsaxlama bazalarından birgə istifadə barədə analoji təkliflər gəlməkdədir.

- Bu il SOCAR "Bakı-Novorossiysk" boru kəməri ilə nəql edilən neftin həcmini xeyli artırmağı planlaşdırır. SOCAR öz neftinin nəqlini nəyin hesabına artırmağı nəzərdə tutur?

- Ötən il Bakı NEZ-lərində 7,3 milyon ton neft emal edilib. Bununla belə, Rusiyanın "Transneft" şirkəti ilə müqaviləyə əsasən, "Bakı-Novorossiysk" boru kəməri ilə SOCAR, əməliyyat şirkətləri və birgə müəssisələrin 1,3 milyon ton nefti nəql olunub.

Bu il emalın səviyyəsi altı milyon ton planlaşdırılıb ki, bu da prinsipcə respublikanın neft məhsullarına olan tələbatı ödəyir və hətta məhsulların bir hissəsini ixraca yönəltmək imkanı verir. SOCAR neftinin emal olunmayan hissəsi bu kəmərlə neft nəqli həcmlərinin artımına sərf olunacaq ki, bu yolla ilin yekunlarına əsasən nəqlin ümumi həcmi təxminən 2,5 milyon tona çatacaq.

- Hazırda Azərbaycan neftinin satılması üçün ən cəlbedici bazarlar hansılardır?

- Baxır söhbət hansı neft növlərindən gedir. SOCAR-ın Novorossiyskdən ixrac etdiyi neftin (Urals növü) istehlakı əsasən Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri ilə məhdudlaşır. Azeri Light növünün satış coğrafiyası sərhədsizdir: Şimali və Cənubi Amerika, Afrika, Avropa, Asiya. Faiz nisbətində Azərbaycan neftinin təxminən yarısı Avropaya, əsasən Aralıq dənizi ölkələrinə, digər yarısı isə uzaq xaricə tədarük edilir.

- İran Azərbaycan neftinin "Neka-Cask" boru kəməri vasitəsilə Fars körfəzinə çıxışını təklif edir. Bu layihə Azərbaycan üçün nə dərəcədə maraqlı ola bilər?

- Məlum olduğu kimi, SOCAR BTC-nin həmtəsisçilərindəndir və bu layihənin şərtlərinə əsasən, istehsal edilən Azeri Light neftinin bütün həcmini bu kəmərlə ixrac etməlidir. Buna görə də, 2008-ci ilin avqust-oktyabr aylarında fors-major səbəbindən (kəmərdəki qəza və Gürcüstandakı hərbi əməliyyatlar) istisna hal kimi biz İrana təxminən 180 min ton Azeri Light nefti tədarük etməli olduq.

Digər tərəfdən, ötən ildə qeyd olunan hadisələr, Azərbaycan Prezidenti İlham Əliyevin diversifikasiya prinsipləri və idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi zamanı enerji axınlarının hərəkət marşrutlarının işlənməsində çoxvariantlılığa üstünlük verilməsinin vacibliyi barədə dediklərini bir daha sübut etdi. Bu nöqteyi-nəzərdən həmin zamanda mövcud olan böhran durumunda İrana nefi ixracı yeganə mümkün çıxış yolu oldu.

Konkret olaraq "Neka-Cask" kəmərinə gəlincə, qeyd etmək lazımdır ki, bu hazırda yalnız layihə halında mövcuddur. Layihənin həyata keçirilmə müddəti, nəqlin kommersiya şərtləri məlum deyil. Buna görə də bu kəmərə marağın olması barədə danışmaq tezdir.

Xəbər lenti

Xəbər lenti