Azərbaycan, Bakı, 08 sentyabr / Trend /
İraqın baş naziri Nuri əl-Maliki Rusiyanın energetika naziri Sergey Şmatkonun Bağdada səfəri zamanı Rusiya şirkətlərini energetika sektorunda investisiyanı artırmağa çağırıb. Məlumatı AR agentliyi yayıb.
Əl-Maliki iki ölkənin tarixi əlaqələrini nəzərə alaraq, Rusiya ilə neft və elektrik enerjisi sektorunda əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu bəyan edib. Şmatko Moskva və Bağdad arasında bağlanmış keçmiş müqavilələrin aktivləşdirilməsi məsələsini müzakirə edib və öz iraqlı həmkarı Kərim Vahidlə ilə bir sıra yeni müqavilələr imzalayıb.
"Hazırda İraqın Neft Nazirliyi və LUKoyl İraqın şərtlərinə əsaslanan müqavilələrin bağlanması barədə dialoqları davam etdirməyi qərara alıblar", - Şmatko deyib.
Apreldə İraqın Baş naziri Nuri əl-Malikinin Rusiyaya səfəri zamanı hər iki ölkə Səddam Hüseyn hakimiyyəti dövründə imzalanmış müqavilələrin yenidən bərpa edilməsinə razılıq verib.
Rusiya konsorsiumu, LUKoyl neft şirkəti də başda olmaqla, 1996-cı ildə İraq hökuməti ilə 3,7 milyard dollarlıq müqavilə imzalayıb. Lakin İraqın keçmiş Prezidenti Səddam Hüseyn 2002-ci ildə ABŞ qüvvələrinin basqınından bir neçə ay əvvəl LUKoyl şirkətini ölkədən çıxarıb. O, bunu şirkətin müqavilə şərtlərini pozması ilə əsaslandırıb.
Şmatko əlavə edib ki, ehtiyatı 12,9 milyard barel olan "Qərbi Kurne"də ikinci fazanın inkişaf etdirilməsində maraqlıdı. "Bir neçə rus şirkəti artıq İraqın neft sektorunda işləyiblər və bu sahədə müqavilə imzalayıblar. İraqın neft naziri rus şirkətlərinə bu layihəni davam etdirməyi təklif edib", - Şmatko deyib.