...

ARDNŞ Xəzərdə qaz obyektini istismara verməyə hazırlaşır

Energetika Materials 10 Aprel 2010 12:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Mayda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorunda "Günəşli" yatağında "Günəşli-4" platformasında qaz-kompressor stansiyasını istismara verməyə hazırlaşır. Bu barədə ARDNŞ-nin "Azneft" İstehsalat Birliyinin baş direktorunun ekologiya məsələləri üzrə müavini Faiq Cəfərovun "Respublika" qəzetində dərc olunmuş məqaləsində bildirilir. Yeni stansiyanın qurulmasında məqsəd sutka ərzində yataqda atmosferə tullanan 400 min kubmetr həcmində aşağıtəzyiqli səmt qazının toplanmasının təmin olunmasıdır.

Məqalədə deyilir ki, stansiyanın inşası artıq başa çatıb və hazırda qaydaya salınma işləri aparılır.

"Günəşli" yatağı "28 may" Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) balansındadır.

Əvvəllər infrastruktur olmadığına görə bu qaz atfosmerə atılırdı ki, bu da ətraf mühitə böyük zərər vururdu. Lazımi infrastrukturun yaradılması və bu layihənin həyata keçirilməsi 150 milyon dollar məbləğində dəyərləndirilir. Tullantıların həcmi ildə 150-250 milyon kubmetr qaz arasında dəyişir.

Cəfərovun sözlərinə görə, sutkada 400 min kubmetr aşağıtəzyiqli qazın toplanmasının təmin olunması üçün il ərzində "Neft Daşları-1201" platformasında 10 ədəd, 1799 saylı meydançada isə beş ədəd vakuum kompressorunun qurulması planlaşdırılır. Əvvəllər "Neft Daşları" NQÇİ-də 41 vakuum kompressoru qurulub ki, bu da hər gün 650 min kubmetr səmt qazının toplanmasına imkan verir.

Hər iki NQÇİ-də kompressorlar istismara verildikdən sonra "Günəşli" və "Neft Daşları" yataqlarında bütün aşağıtəzyiqli səmt qazının toplanması mümkün olacaq. Yataqlarda toplanan qaz "Azneft" İB-yə veriləcək.

Xəbər lenti

Xəbər lenti