Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir E.İsmayılov/
ARDNŞ Xəzərin Azərbaycan sektorunda "Ümid" perspektivli dəniz strukturunda ilk kəşfiyyat quyusunun qazılmasını bərpa edib. Bu barədə çərşənbə günü ARDNŞ-dəki mənbə bildirib.
"Quyuda qazma işləri artıq bərpa olunub və iş normal rejimdə aparılır", - mənbə deyib.
Onun sözlərinə görə, hazırda quyunun dərinliyi 3525 metr təşkil edir. Layihə üzrə dərinlik 6500 metrdir.
Bundan əvvəl quyunun qazılması 3300 metr dərinlikdə dayandırılmışdı. Bu, onun genişləndirilməsi və texniki xarakterli zəruri işlərin görülməsi, əsasən məhlul üçün rezervuarların qurulması baxımından vacib idi.
Quyunun qazılması prosesi bu ilin sonu, gələn ilin əvvəllərində başa çatdırılacaq.
Bu, ARDNŞ-nin son 15 ildə müstəqil olaraq həyata keçirdiyi ilk kəşfiyyat qazmasıdır. "Ümid" strukturunun mümkün ehtiyatları ARDNŞ geoloqları tərəfindən 200 milyard kubmetr qaz və 30 milyon ton kondensat həcmində dəyərləndirilir.
ARDNŞ tərəfindən kəşfiyyat quyusunun qazılması "Ümid-1" platformasında aparılır. Tikintisi başa çatmamış "Çıraq-6" platformasının bazasında tikilən bu platforma proqram çərçivəsində ən iri obyektdir. Onun hündürlüyü 72 metrdir. Platforma "Bulla Dəniz" yatağının 15 kilometrliyində dənizin 58 metr dərinliyində yerləşir. Ümumilkdə, platformada altı qaz quyusunun qazılması planlaşdırılır.