Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir E.İsmayılov/
Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda AÇG-də sutkalıq neft hasilatı təxminən 890 min barel təşkil edir. Bu barədə cümə axşamı hökumətdəki mənbə bildirib.
"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun səhmdarları bunlardır: ВР (operator - 34,1%), Chevron (10,2%), ARDNŞ (10%), INPEX (10%), StatoilHydro (8,6%), ExxonMobil (8%), TRAO (6,8%), Devon (5,6%), ITOCHU (3,9%), Hess (2,7%).
Mənbənin sözlərinə görə, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından hasil edilən 90 min barel neft "Bakı-Supsa" boru kəməri vasitəsilə ixrac edilir. Bu boru kəmərinin operatoru BP şirkətidir.
2007-ci ildə boru kəmərində aparılan təmir işləri səbəbindən bu istiqamətdə yüklənmə olmayıb. 2008-ci ilin ortalarında bu boru kəmərinə neft doldurulsa da, gürcü-osetin münaqişəsi səbəbindən bu proses dayandırılıb. Bu boru kəməri vasitəsilə nəqletmə 2008-ci il noyabrın əvvəllərində bərpa edilib.
"AÇG yataqlarından hasil edilən qalan 800 min barel neft "Bakı-Tbilisi-Ceyhan" neft kəməri vasitəsilə ixrac edilir", - mənbə bildirib.
BTC boru kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycanın, 249 km-i Gürcüstanın, 1076 km-i isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprelində, neftlə doldurulmasına isə 2005-ci ilin mayında başlanılıb.
BTC neft kəmərinin inşası 4 milyard dollara başa gəlib. Bu, inşaat işlərinə sərf edilən vəsaitdir. Boru kəmərinin doldurulması, maliyyə xərcləri və bank faizləri bu məbləğə daxil deyil. Ümumi maliyyə kreditinin məbləği 2,6 milyard dollar təşkil edir.
BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz); Statoil (8,71 faiz); ТРАО (6,53 faiz); Eni (5 faiz ); Total (5 faiz); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz); ConocoPhillips (2,50 faiz) və Amerada Hess (2,36 faiz).