...

ARDNŞ-nin Kulevi neft terminalında körpüyə yan almadan doldurma sisteminin yaradılması investisiyalar tələb edir

Energetika Materials 1 Mart 2011 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-yə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məxsus Kulevi neft terminalının yaxınlığında dənizdə böyük tutumlu tankerlərin doldurulması üçün körpüyə yan almadan doldurma sisteminin yaradılması yükgöndərənlər tərəfindən dəqiq zəmanətin olduğu halda mümkündür. Bu barədə çərşənbə axşamı Trend-ə ARDNŞ-dəki mənbə məlumat verib.

"Körpüyə yan almadan doldurmanın təşkili işləri yalnız zəmanət olduğu halda mümkündür, çünki bu işlər iri həcmdə investisiyaların qoyulmasını nəzərdə tutur", - mənbə bildirib.

Mənbə məhz zəmanətin olmaması üzündən layihənin reallaşdırılmasının başlanması və başa çatacağı tarixi söyləyə bilməyib.

Bundan əvvəl terminalın yerləşdiyi buxtaya iri gəmilərin girişi üçün dənizin dibinin dərinləşdirilməsi işləri aparılıb.

Kulevi terminalı istismara 2008-ci ilin mayında verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanılıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.

Neft əməliyyatları üçün terminalda neft məhsullarının 100 min tonadək yükgötürmə qabiliyyətinə malik tankerə doldurulması üçün iki yanalma körpüsünün tikintisi nəzərdə tutulub. Məhsuldarlıq saatda 1000-dən 8000 kubmetrədək neft doldurulması təşkil edir. Müəssisədə liman, dəmiryol stansiyası da var ki, burada eyni vaxtda yükün boşaldılmasını gözləyən 180 vaqon-sistern yerləşdirmək mümkündür. Dəmiryol estakadalarında eyni vaxtda 168 vaqon-sisternin boşaldılması mümkündür.

Xəbər lenti

Xəbər lenti