Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir E.İsmayılov/
Yay ərzində ARDNŞ (Azərbaycan Respubliksı Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan hissəsindəki "Bulla-dəniz" yatağında yeni quyunu sualtı qaz xəttinə birləşdirəcək. Bu barədə cümə günü ARDNŞ-dəki mənbə məlumat verib.
Onun sözlərinə görə, hazırda sualtı qaz xəttinin çəkilişi çərçivəsində işlər görülür.
"Quyu yaxşı nəticələr göstərib, lakin onun imkanları barədə istismara verilməsindən sonra danışmaq olar", - mənbə bildirib.
Proqnozlara görə, yeni quyuda hasilat 500 min kubmetrə yazın qaz və 80 ton qaz-kondensat ola bilər.
Bundan əvvəl ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin dediyinə görə, bu quyu perspektivlidir. Bundan əvvəl Geofizika və Geologiya İdarəsi quyuda baş verən prosesləri müşahidə və nəzarət etmək məqsədilə uzaq müşahidə sistemi olan "RT-Leuza" da quraşdırıb.
Mənbənin sözlərinə görə, kəşfiyyat quyusunun qazılmasının nəticələrindən asılı olaraq, şirkət elə həmin platformadan istismar quyusu qazmağı da planlaşdırır.
"Bulla-dəniz" yatağı 1975-ci ildən istismar olunur. 34 il ərzində yataqdan 62 milyard kubmetr qaz və 11 milyon ton neft və qaz-kondensat hasil edilib.
"Bulla-dəniz" yatağından sutkada 450 min kubmetr qaz hasil edilir. ARDNŞ geoloqlarının fikrincə, bu yataqda qaz hasilatını bir neçə dəfə artırmaq olar.