...

ARDNŞ yeraltı qaz anbarlarındakı qazın həcmini artırır

Energetika Materials 22 Oktyabr 2011 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir E.İsmayılov/

Oktyabrın 22-nə olan məlumata görə, Azərbaycanın yeraltı qaz anbarlarına vurulan qazın həcmi 2,08 milyard kubmetrdən çox olub. Bu barədə Trend-ə şənbə günü hər iki qaz anbarının balansında olduğu ARDNŞ-dəki (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mənbə bildirib. Onun sözlərinə görə, hazırda cari il üçün nəzərdə tutulan təmir işləri davam edir.

Mənbə deyib ki, bu il vurulan qazın ümumi həcmin 1,17 milyard kubmetrdən çoxu Qaradağ, 907,7 milyon kubmetrə yaxını isə Qalmaz yeraltı qaz anbarına vurulub.

Hazırda ölkənin yeraltı qaz anbarlarında olan qazın həcmi ötənilki qalıq (1,13 milyard kubmetrdən çox) nəzərə alınmaqla, 3,22 milyard kubmetrdən çoxdur. Ötən il qazvurma mövsümünün yekunları üzrə bu göstərici 3,05 milyard kubmetr təşkil edib.

Bu il yeraltı qaz anbarlarında qazın həcminin 3,5 milyard kubmetrədək çatdırılması planlaşdırılır. Yeraltı qaz anbarlarına qazın vurulması prosesi may ayında başlayır, noyabrın sonu- dekabrın əvvəlində başa çatır.

Hazırda yeraltı qaz anbarlarında sutka ərzində vurulan qazın həcmi 3,9 milyon kubmetrə yaxın təşkil edir, bu zaman bütün həcmlər Qaradağ qaz anbarına vurulur. Qaza tələbatın artması ilə əlaqədar Qalmaz anbarına qaz vurulmur.

Ötənilki mövsümdə Azərbaycanın yeraltı qaz anbarlarındakı 1,93 milyard kubmetr qazın 1,92 milyard kubmetrə yaxını götürülüb.

2010-2011-ci illər qaz vurulması mövsümünün başa çatmasının yekunları üzrə Azərbaycanın yeraltı qaz anbarlarındakı qazın həcmi 3,05 milyard kubmetr təşkil edib.

Xəbər lenti

Xəbər lenti