Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir E.Əliyev/
Avropa Komissiyası OMV konserninin (Avstriya) "Nabucco" layihəsinin uğursuzluğundan sonra Dunay boyunca boru kəməri layihəsinin qısaldılmış versiyasını nəzərdən keçirir. Trend-in "Natural gas Europe"ə istinadən verdiyi məlumata görə, bunu enerji məsələləri üzrə Avropa komissarı Günter Ottinger deyib.
Onun sözlərinə görə, Dunay boyunca olan infrastruktur "Nabucco West" adlanmamaqla digər investorlara malik ola bilər, lakin vacib layihə olaraq qalır: "Çünki biz gözləyirik ki, Rumıniya təkcə iri qaz bazarı dyil, həm də şelf və şist qazının ixracatçısına çevriləcək".
G.Ottinger qeyd edib ki, Avropa Komissiyası "Nabucco"ya rəqib olan Trans-Adriatik boru kəməri (TAP) layihəsini alqışlayır: "TAP vasitəsilə Azərbaycan qazı Türkiyədən Yunanıstan və Albaniya ərazisi ilə Cənubi Avropaya nəql ediləcək. Lakin alternativ infrastruktura ehtiyac var".
Avropa komissarı əlavə edib ki, TAP və "Nabucco" arasında seçim edilib, qərar verilib: "Ən vacib faktor odur ki, Azərbaycandan Avropa bazarına tədarük ediləcək qaz mövcuddur. Necə deyərlər, yol açıqdır".