Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir E.İsmayılov/
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində reallaşdırılan layihələrin pik dövründə investisiyaların gündəlik həcmi 30 milyon dollar təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birrell Xəzər Universitetində keçirilmiş tədbirdə bildirib.
Onun sözlərinə görə, "Şahdəniz-2" layihəsi çərçivəsində Avropaya qaz nəqlinin təmin olunması prosesində platformaların, sualtı infrastrukturların tikintisi ilə yanaşı, Səngəçal terminalının, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin tikintisi də nəzərdə tutulur.
Prezidentin sözlərinə görə, göstərilən layihələr çərçivəsində işlərin maksimum və pik həddi 2016-2017-ci illərə düşür.
Q.Birrellin dediyi kimi, "Şahdəniz-2" layihəsi çərçivəsində bütün layihələrin reallaşdırılmasının pik dövründə xərclərin ümumi həcmindən gün ərzində 15 milyon dollar BP-nin operatoru olduğu layihələrin payına düşür.
Qeyd edək ki, "Şahdəniz" konsorsiumu "Mərhələ 2"-nin işlənməsi üçün yekun investisiya qərarını dekabrın 17-də elan etdi. Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu qaz boru kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir. Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastuktur, Avropaya yeni bir Cənub Qaz Dəhlizi açacaq.
Qeyd edək ki, "Şahdəniz-2" layihəsi Cənub Qaz Dəhlizini açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. "Şahdəniz-2" layihəsinin "Mərhələ 1"-dən olan ildə təqribən 9 milyard kubmetr qaza ildə 16 milyard kubmetr qaz hasilatı əlavə edəcəyi gözlənilir.
"Şahdəniz" qazı Türkiyə ərazisində TANAP, Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya isə TAP vasitəsilə nəql ediləcək.
Qeyd edək ki, "Şahdəniz"də iştirak payları belədir: BP (operator - 28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).