Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Emil İsmayılov/
"Azərenerji" ASC yanvar-sentyabr aylarında 16,7 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 5,7 faiz üstələyir. Bu barədə Trend ASC-yə istinadən məlumat verir.
Müqayisə üçün, ötən ilin ilk 9 ayında bu göstərici 15,8 milyard kilovat-saatdan çox olub.
Məlumata əsasən, sentyabrda ASC-nin elektrik stansiyaları tərəfindən təqribən 1,7 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu rəqəm 2013-cü ilin sentyabrında isə 1,5 milyard kilovat-saatdan çox olub.
Qeyd edək ki, Azərbaycanın enerji sisteminin generasiya gücü son 5 ildə 30 faiz artıb. Hazırda bu göstərici 7105 meqavat təşkil edir ki, bu da hər il 24 milyard kilovat-saat elektrik enerjisi istehsal etməyə imkan verir. Bu da öz növbəsində, hər il 2,1 milyard kilovat-saat elektrik enerjisini ixrac etməyə imkan yaradır.