Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Emil İsmayılov/
ARDNŞ 2014-cü ilin oktyabr ayında Novorossiysk limanından 84 min 769 ton, Supsa limanından 250 min 220 ton, Ceyhan limanından 1 milyon 641 min 69 ton xam neft ixrac edib.
Trend Şirkətin rəsmi saytına istinadən məlumat verir ki, ümümilikdə yanvar-oktyabr ayları ərzində Novorossiysk limanından 847 min 352 ton (ötən ilin analoji dövründə 1,5 milyon ton), Supsa limanından 2 milyon 533 min 506 ton (2,32 milyon ton), Ceyhan limanından isə 17 milyon 276 min 471 ton (16,45 milyon ton) xam neft ixrac edilib.
ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
Oktyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 87,41 dollara, Urals nefti - 86,63 dollara,BTC FOB Ceyhan tipli xam neft isə 89,51 dollara satılıb.
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin oktyabr ayında 113 min 101 ton dizel yanacağı və 19 min 966 ton təyyarə yanacağı ixrac edib. Ümumilikdə, 2014-cü ilin yanvar-oktyabr ayları ərzində 9 min 332 ton avtomobil benzini, 826 min 42 ton dizel yanacağı, 158 min 855 ton təyyarə yanacağı və 417 ton soba mazutu ixrac edilib.
2014-cü ilin oktyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 809,25 dollar, təyyarə yanacağının - 807,22 dollar, dizel yanacağının - 745,54 dollar, 1% kükürdlü mazutun qiyməti isə 490 dollar təşkil edib.